1 mart 2011 12:50
Qarabağ`ın futbolçusu hakimi döydü, 10 oyunluq cəza aldı
Bu gün keçirilən AFFA İntizam Komitəsinin iclasında Premyer Liqada çıxış edən komandaların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının da təsnifat mərhələsinin sonuncu – 22-ci turu ilə bağlı müzakirələr aparılıb. Azerisport.az xəbər verir ki, aparılan müzakirələr nəticəsində aşağıdakı qərarlar çıxarılıb.
“Qarabağ” – “Turan” matçının 90+2-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu İsrafil Qarayev hakimləri təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Lakin matç başa çatdıqdan sonra futbolçu meydançaya daxil olaraq hakimə fiziki təsir göstərib. Bu səbəbdən də futbolçu 10 oyunluq cəzalanıb, klubu 5000 manat cərimə olunub.
AZAL – “Bakı” matçının 44-cü dəqiqəsində “Bakı”nın futbolçusu Rəhman Hacıyev rəqibini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub.
“Neftçi” – MOİK matçında “Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 500 manat cərimə olunub.
