3 mart 2011 18:22
“Cavab oyunu daha maraqlı olacaq”
Azərbaycan kubokunun 1/4 final oyununda birinci divizion təmsilçisi "Abşeron"la qarşılaşan "İnter" ilk oyunda qələbə qazandı. Azerisport.az xəbər verir ki, Girts Karlsonsun vurduğu yeganə qol ölkə çempionuna minimal hesablı qələbəni təmin etdi - 1:0. Görüşdən sonra komandaların çalışdırıcıları matçla bağlı bunları dilə gətiriblər.
Kaxaber Sxadadze, "İnter"in baş məşqçisi: "Xəzər Lənkəran"la oyundan sonra bərpa olmaq çətin idi. "Abşeron" yaxşı müdafiə olunurdu. Sürətli futbolçuları sayəsində hücumlar təşkil etməyə çalışırdılar. İlk hissədə hücumda oyunumuz alınmırdı. İkinci hissədə müəyyən dəyişikliklər etdik, bu, öz bəhrəsini verdi. Cinahlardan daha çox hücum etməli idik. Karlsonsun gözəl qol vurduğunu qeyd etməliyəm. Bu, kubokun ilk oyunudu, cavab oyunu daha maraqlı olacaq".
Mirbağır İsayev, "Abşeron"un baş məşqçisi: "İnter"i qələbə münasibəti ilə təbrik edirəm, gələcək oyunlarda uğurlar arzulayıram. Kubok oyunları çempionatdan fərqlənir. Futbolçularım "Abşeron"u layiqincə təmsil etdi. Heyətimizdə əsasən gənc və perspektivli futbolçulardı. İlk hissədə Emin Mehtiyevin bir neçə qol imkanı oldu, lakin istifadə edə bilmədi. Bizim əsas məqsədimiz Premyer Liqaya vəsiqə qazanmaqdı. Komandanı kubokda layiqincə təmsil etdikləri üçün futbolçularıma minnətdaram".
