4 mart 2011 00:53
Hacı Hacıyev Mahir Şükürovu siyahısından silib?
Həmyerlilərimiz Vaqif Sadıqovla Emin Ağayevin çalışdığı, Mahir Şükürovun çıxış etdiyi Rusiyanın “Anji” klubu yenidən Türkiyəyə təlim-məşq toplanışına yollanıb. Lakin azerisport.az xəbər verir ki, Mahaçqala klubunun baş məşqçisi Hacı Hacıyev millimizin müdafiəçisi Mahiri bu toplanışa aparılan 21 nəfərlik siyahıya salmayıb.
Qeyd edək ki, Mahir Türkiyədəki ilk toplanışlar zamanı yoldaşlıq oyunlarında əsas heyətdə meydana çıxsa da, son zamanlar Sadıqovun da çalışdığı “Anji”nin məşqçilər korpusu onunla bağlı qəribə qərarlar qəbul edir. Bir müddət öncə həmyerlimizi əsas komandadan ayırıb əvəzedici heyətlə Türkmənistandakı turnirə göndərən Hacıyev ardınca onun adını “Zenit”lə kubok matçında matçın iştirak ərizəsinə belə daxil etmədilər. İndi isə Mahir martın 11-də başa çatacaq yeni mövsüm öncəsi son hazırlıq prosesində iştirakdan məhrum edilib. Bəs görəsən, bu nə deməkdi? Olmaya baş məşqçi çoxsaylı yeni transferlərdən sonra artıq Mahiri siyahıdan silib?
