4 mart 2011 13:48
Mirça Rednik: Hələ heç kim deyə bilməz ki, XL favoritdi
“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik dünən keçiriən “Neftçi” ilə kubok oyunundan sonra azerisport.az saytına müsahibə verib.
- Demək olar ki, “Böyük oyun” alındı?
- Həqiqətən də komandalar yaxşı oynadılar. Ancaq bəzi məqamlar mənim xoşuma gəlmədi. Hər dəfə “Neftçi” ilə qarşılaşanda bizə qarşı nələrsə baş verir. Mən danışmaq istəmirdim, amma artıq susa da bilmərəm. Mən bu komandaya hörmət edirəm. “Neftçi” Azərbaycanın ən güclü klublarından biridi. Onlara qarşı heç bir sözüm yoxdu. Ancaq bu oyunda aşkar görünürdü ki, biz 11 yox, 14 oyunçuya qarşı mübarizə aparırdıq.
- Hakimləri nəzərdə tutursuz?
- Elnur Abdullayevə qarşı kobud oynayırlar, hakim heç nə görmür. “Neftçi”nin 9 nömrəli futbolçusu (Flavinyonu nəzərdə tutur – red.) Kamran Ağayevə qarşı kobud oynayır, hakim bunu da görmür. Ancaq biz hücuma keçən kimi dərhal qayda pozuntusu və fit səsi. Bəzi epizodlarda o, bilərəkdən tempi aşağı salmağa çalışırdı. Həmçinin bizim lehimizə bir neçə cərimə zərbəsini təyin etmədi.
- Ola bilər ki, həmin epizodlar Anar Salmanovun diqqətindən yayınıb?
- “Muğan”la oyunumuzda da bu hakim təmiz penaltimizi verməmişdi. “Neftçi” ilə oyunda yenə bu hakimi təyin etdilər. Əgər o, mənim komandamın oyunlarında səhv edirsə, niyə yenə də bizim matçlarımıza göndərirlər?
- Yeri gəlmişkən, sizi niyə texniki zonadan qovdu?
- Mən əsəbləşmişdim və emosiyalarımı saxlaya bilməyib baş geyimimi yerə çırpdım. “Xəzər Lənkəran”ın baş məşqçisi kimi 90 dəqiqə futbolçularıma necə oynamaq lazım olduğunu göstərə bilərəm. Mən də bunu belə formada edirəm. Ancaq o məni nəyə görə qovduğunu heç özü də izah edə bilmədi. Mən ilk dəfə idi ki, texniki zonadan qovulurdum.
- İlk oyunda XL “Neftçi”dən daha yaxşı oynayırdı. Yəqin ki, xüsusi hazırlaşmışdınız?
- Biz bütün matçlara yüksək səviyyədə hazırlaşırıq. Hamı bilir ki, biz çempionatla yanaşı ölkə kubokunu da qazanmaq istəyirik. Aydın məsələdi ki, yarımfinala çıxmaq üçün də mütləq “Neftçi”yə qalib gəlməliyik. Fikrimcə, hələ hər şey qarşıdadı. Hələ heç kim deyə bilməz ki, XL favoritdi.
- Komandanızın oyunundan, xüsusilə Uinston Parksla Julius Vobayın çıxışından razı qaldız?
- Bütün komanda maksimum gücünü meydanda qoymağa çalışdı. Biz qələbə qazanmaq istəyirdik, buna da nail olduq. Cavab oyununa da belə hazırlaşacağıq. Yarımfinala çıxmaq üçün ev oyununda da qələbə qazanmaq istəyirik.
- Hesab 1:4 olarkən iki qol buraxmağınız nə ilə bağlı idi?
- Komanda buraxmaq istəmirdi. Ancaq belə alındı. Hakimin bəzi qərarları səbəbindən oyunun tempi aşağı düşdü. Əlbəttə, oyundan sonra analiz aparıb, harda səhvlərə yol verdiyimizi aydınlaşdıracağıq. İndi başlıcası cavab matçına hazırlıqdı. Düşünürəm ki, o, daha çətin olacaq.
- Razısız ki, XL yarımfinala daha yaxındı?
- Hələ bu haqda danışmaq çox tezdi. Qarşıda bizi ikinci hissə gözləyir. Lənkəranda da layiqli qələbə qazanıb, kubokdakı mübarizəmizi davam etdirmək istəyirik.
