5 mart 2011 21:15
Neftçi rəhbərliyi azarkeşlərlə görüş keçirdi
"Neftçi" futbol klubunun rəhbərliyi "Flaqman" və "UltraNeftçi" fan-klubları ilə görüş keçirib. Azerisport.az xəbər verir ki, görüşdə, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk matçında Tofiq Bəhramov adına Respublika stadionunun tribunalarında yaşanan xoşagəlməz hadisələr pislənilib.
Konkret olaraq, oyun zamanı stadionun VİP lojasında baş verən hadisələr geniş müzakirə edilərək, günahkarlar layiqli cəzalarını alıblar. Belə ki, həmin olaylara qarışan və rəqib əleyhinə təhqiramiz şüarlar səsləndirən "Flaqman" və "UltraNeftçi"nin üzvləri, fan-klubların rəhbərliyi tərəfindən, bu cür hadisələrin bir daha təkrarlanmaması üçün sərt şəkildə cəzalandırılıb. Həmçinin görüş zamanı, "Neftçi" futbol klubunun rəhbərliyi bəyan edib ki, "Neftçi" və "Xəzər Lənkəran" oyunları, son illər yüksək templə inkişaf edən Azərbaycan futbolunun bəzəyidi. Bu komandaların görüşü daim böyük azarkeş marağına səbəb olur. Məhz bu iki komandanın öz aralarında keçirdiyi oyunlarda yüksək səviyyəli futbolla yanaşı, böyük azarkeş ordusu olan iki klubun fanatlarının tribunalarda yaratdığı möhtəşəm atmosferi izləmək mümkündür. Əsl futbol ab-havasına gölgə salmaq istəyənlərə isə futbolsevərlər arasında yer yoxdur. "Xəzər Lənkəran"la oyunlarda bir daha belə halların baş verməməsi üçün lazımi tədbirlər həyata keçiriləcək.
