5 mart 2011 12:14
Rail Məlikov: Bunu qəsdən etsəydim, cəzalanmağa hazır idim
“Neftçi”nin kapitanı Rail Məlikov azerisport.az saytına müsahibəsində ölkə kubokunun 1/4 final mərhələsinin “Xəzər Lənkəran”la oyunundan danışıb.
- Son oyunu necə qiymətləndirərdiz?
- Biz cütün taleyini ilk oyunda həll etmək istəyirdik. Ancaq ilk qol bizi bir qədər sındırdı. Buraxılan qollara baxmayaraq, biz toparlanmağı bacardıq. Çalışdıq ki, qələbə qazana bilməsək də, heç olmasa uduzmayaq, amma olmadı. Düzü belə nəticəni gözləmirdim. İnanıram ki, bizim üçün hələ hər şey itirilməyib.
- Hamı məğlubiyyətə görə müdafiəni günahlandırır. Siz də belə düşünürsüz?
- Həmin fikirlərlə həmrəyəm. İlk 3 qolda çox ciddi səhvlər buraxdıq.
- Buraxılan qollarda sizin də günahınız var idi?
- 4-cü qol vurulanda mən iki oyunçu arasında qalmışdım. İstənilən halda komanda uduzub və bunda hamımız günahkarıq. Kimisə xüsusi günahlandırmağa dəyməz.
- Fasiləyə hansı hisslərlə çıxdız?
- Çox hirsli idik, belə nəticə gözləmirdik. Ötən ildən fərqli, bu il bizdə böyük inam var və biz inanırdıq ki, hər şey bizim üçün yaxşı qurtaracaq. İkinci hissədə toparlansaq da, daha bir qol buraxdıq. Hər halda üstünlüyə yiyələnə, hesabı minimuma endirməyi bacardıq.
- Əvəzlənməyinizdən narazı idiniz...
- Birincisi, mən oyunun belə nəticələnməsinə görə çox acıqlı idim. Komandanın kapitanı belə prinsipial qarşılaşmada məğlub olarkən meydanı sakitcə tərk edə bilməzdi. Məni tanıyanlar da bilir ki, uduzmağı sevmirəm. İkincisi, bəli, mən əvəzlənməyimdən də narazı idim. Hesab edirəm ki, əvəzetmə lazım deyildi. Çoxları bunu dəstəkləyə bilər.
- Bəs “Neftçi”nin formasını yerə atmağınıza nə deyəcəksiz?
- Bizdə əvəzlənən futbolçular formasını administratora verib, əvəzində isti paltar alır. Siz təsəvvür etmirsiz, amma mən heç həmin epizodu xatırlamıram da. Mən bir növ şokda idim, nə etdiyimi də bilmirdim. İndiyə kimi məndə elə şey olmamışdı.
- Klubun azarkeşlərindən necə reaksiya gözləyirsiz?
- Mənə fan-klubdan zəng etmişdilər. Biz yaxşı danışdıq, hər şeyi aydınlaşdırdıq. Mənim komandanın formasını yerə atmaqla onu təhqir etmək fikrim olmayıb. Mən elə bir klubda oynayıram ki, ona uşaqlıqdan azarkeşlik edirdim. Əgər “Neftçi”sevərlər məndən küsübsə, qoy bağışlasınlar.
- Klub tərəfindən cəza gözləyirsiz?
- Ola bilsin ki, məni cəzalandırsınlar. Əgər bunu qəsdən etsəydim, mən cəzalanmağa tam hazır idim. Bəlkə də, mənim formanı atmağımın qəsdən edildiyini düşünürlər, amma mənim tərəfimdən belə bir şeyin edilməsi sadəcə mümkün deyil.
- Düşünmürsüz ki, sizin baş məşqçi Arif Əsədovla münaqişəniz komandaya mənfi təsir edə bilər?
- Çempionluq uğrunda mübarizə aparan komandamız var, bizdə elə şeylər ola bilməz.
- İlk oyundakı məğlubiyyətdən sonra Lənkərandakı şanslarınızı necə qiymətləndirirsiz?
- İlk oyun öncəsi olduğu kimi, yenə də şanslar 50-nin 50-di. Hər şeyi edəcəyik ki, evdə qazana bilmədiyimiz qələbəni səfərdə əldə edək. Futbolçularımız sağ olsunlar ki, sona kimi döyüşdülər. Azarkeşlərimizə də minnətdarlığımı bildirirəm.
