6 mart 2011 00:46
Vobay: Premyer Liqada psixoloji üstünlük bizim tərəfimizdə olacaq
“Xəzər Lənkəran”ın yeni yarımmüdafiəçilərindən olan Julius Vobay azerisport.az saytına müsahibəsində “Neftçi” ilə son oyundan (4:3), çempionatdakı çıxışlarından və Premyer Liqadakı şanslarından danışıb.
- “Neftçi” ilə ölkə kubokunun 1/4 final oyununda elə nəticəni gözləyirdiz?
- Biz bu görüşə çox ciddi hazırlaşmışdıq. Belə nəticəni çətin ki, kimsə gözləyirdi. Nəticənin hansı hesabla qazanılmasının fərqi yoxdu. Əsas odu ki, biz səfərdə qələbə qazandıq. Hansı ki, cavab oyunu öncəsi bizə çox böyük üstünlük qazandırır.
- Bu komandalar arasındakı son 6 oyunda cəmi 1 qol vurulmuşdu. Bu dəfə isə birdən-birə 7 qol...
- Bir oyun digərinə bənzəmir. Gördüyünüz kimi, biz erkən qol vurduq. Bundan sonra isə artıq açıq oyun getməyə başladı. Hər şey də bundan sonra başladı və biz bildik ki, qələbə qazana bilərik.
- Hətta, bakılılar hesabı bərabərləşdirəndən sonra da?
- Mən bu haqda düşünmürdüm və inanırdım ki, bizdə alınacaq. Biz sadəcə hesabın daha böyük olmasına çalışırdıq. Yeri gəlmişkən, bizim belə imkanımız var idi. Sadəcə, bundan istifadə edə bilmədik.
- Bu qələbə sizin yarımfinala çıxmağınızı təmin edir?
- Qətiyyən yox. Bizi daha da çətin olacaq cavab oyunu gözləyir. Yəqin ki, “Neftçi” də revanş götürməyə çalışacaq.
- Cavab oyununda da sizi qollar seriyası gözləyir?
- Hər şey ola bilər. Hər şey oyunun gedişindən asılıdı. Rəqib bizə qarşı açıq oyun sərgiləyə bilər. Belədə qollu nəticənin qeydə alınması qaçılmaz olacaq.
- Bu qələbə sizə Premyer Liqada da əlavə güc verə bilər?
- Hər şey bizim “Neftçi”ni kubokdan keçib-keçə bilməməyimizdən asılıdı. Əgər bacarsaq, psixoloji üstünlük bizim tərəfimizdə olacaq. Ancaq düşünmürəm ki, onda da onlar ilk pilləyə qalxmağımıza imkan versinlər. Sadəcə biz hər oyunda maksimum nəticə qazanmaq məcburiyyətində qalacağıq.
