8 mart 2011 00:45
Neftçi və Turan möcüzə axtarışında
Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək. Azerisport.az xəbər verir ki, hamının maraqla gözlədiyi “Xəzər Lənkəran” və “Neftçi” arasındakı cavab matçında hadisələrin necə inkişaf edəcəyi maraqla gözlənilir.
Qeyd edək ki, son illərdə adətən qolsuz heç-heçələr, minimal hesablı qələbələrlə nəticələnən “Böyük oyun”lardan ilk dəfə kuboka təsadüf edən görüş ən məhsuldar nəticə kimi tarixə düşdü. Təsadüfi deyil ki, tərəflər birdən-birə 7 qol vurmağa imkan tapdılar. Lakin bundan da diqqətçəkən məqam Premyer Liqanın lideri “Neftçi”nin dogma meydanda əzəli rəqibindən 4 qol buraxması oldu ki, indi paytaxt klubunun işi heç də asan deyil.
Düzdü, “ağ-qaralar”ın məğlubiyyəti minimaldı. Ancaq cənubluların bu qolları səfərdə vurduğunu, qələbə qazandığını nəzərə alsaq, ikiqat üstünlüyün olduğunu görərik. Odu ki, “Neftçi”nin işi sadəcə möcüzəyə qalıb. İki top fərqi ilə qələbə qazanılmasa, Arif Əsədovun Premyer Liqada zirvədə qərarlaşan komandası kubokla erkən vidalaşmış olacaq. Erkən finalda qələbə qazanacaq komanda isə rahatca həlledici oyuna hazırlaşa bilər.
Yeri gəlmişkən, ötən oyunda Anar Salmanovun idarəçiliyi cənub təmsilçisini qətiyyən razı salmamışdı. Necə də olmasa, məhz həmin referinin meydandan qovduğu Mirça Rednik bu dəfə cəza üzündən cənubluları meydana özü çıxara bilməyəcək. Bu iki komandanın çempionat oyununda fit çalmış FİFA referisi Vüsal Əliyevin belə çətin və prinsipial qarşılaşmanın öhdəsindən necə gələcəyi də az maraq doğurmur.
Daha bir maraqlı duel “Bakı” ilə “Qəbələ” arasında baş tutacaq. Çempionatda bu rəqibi ilə rəqabətdən qalib ayrılıb son anda ilk altılığa düşən “zolaqlılar” indi kubokda da eyni uğuru təkrarlamaq istəyir. Axı əks halda kubokun son qalibi titulunu əlindən vermiş olacaq. Lakin ilk oyunun qolsuz tamamlanmasının “Qəbələ”yə daha çox sərf etdiyini də qeyd etməliyik. Toni Adamsın komandası kubokda irəliləmək üçün ən azı qollu heç-heçə sayəsində də adını yarımfinala yazdıra bilər.
İlk oyun gününün daha bir dueli yeganə birinci divizion təmsilçisi “Abşeron”la son ölkə çempionu “İnter” arasında baş tutacaq. Hansı ki, bu cütdə demək olar ki, hər şeyə aydınlıq gəlib. Səfərdə keçirilən ilk matçda qələbə qazanan “bankirlər” demək olar ki, cavab oyununu formallığa çevirib. Mirbağır İsayevin komandası elə də istəkli görünmədiyi kubokda sensasiya edənə oxşamır.
Sabah baş tutacaq “Turan” – AZAL cütündə demək olar ki, hər şey aydındı. İlk oyunda rəqibini 2 cavabsız qolla məğlub edən Nazim Süleymanovun komandası Naci Şensoylu Tovuz klubunun sensasiya etməsinə imkan verənə oxşamır. Baxmayaraq ki, məhz bu komanda “Qarabağ”a kubokda böyük zərbə endirmişdi. Lakin “təyyarəçilər” ən azı 1 səfər qoluna imza atmaqla, tovuzluları tam ruhdan sala bilər. Axı belə olan halda meydan sahiblərinin 4 qol vurması sadəcə möcüzə ola bilər.
Azərbaycan kuboku
1/4 final, cavab oyunları
8 mart (çərşənbə axşamı)
İnter - Abşeron
(ilk oyun: 1:0)
Hakimlər: Rauf Cabbarov, Elşən Acalov, Mübariz Haşımov, Əfqan Həmzəyev.
AFFA nümayəndəsi: Əziz Əliyev.
Hakim-inspektor: Fazil Mürşüdov.
Bakı. "Şəfa" stadionu. Saat 16:00.
Bakı - Qəbələ
(ilk oyun: 0:0)
Hakimlər: Elçin Məmmədov, Ramiz Əsədov, Habil Əliyev, Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Asim Xudiyev.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 16:00.
Xəzər Lənkəran - Neftçi
(ilk oyun: 4:3)
Hakimlər: Vüsal Əliyev, İlham Əliyev, Azad Q. Hüseynov, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Gülağa Cabarov.
Lənkəran. Şəhər mərkəzi stadionu. Saat 18:00.
9 mart (çərşənbə)
Turan - AZAL
(ilk oyun: 0:2)
Hakimlər: Fariz Yusifov, Rza Məmmədov, Elman Musayev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Qürbət Həsənov
Hakim-inspektor: Məhəmməd Məmmədov
Tovuz. Şəhər stadionu. Saat 14:00.
