10 mart 2011 15:38
Ramiz Məmmədov: Mən Foqtsun köməkçisi deyiləm
Qazaxıstanın “Atırau” klubunun azərbaycanlı baş məşqçisi Ramiz Məmmədov Qazaxıstan mətbuatına müsahibə verib. Azerisport.az xəbər verir ki, həmyerlimiz bir sıra maraqlı məqamlarla bağlı açıqlamalar verib.
Öncə anasının vəfatı ilə bağlı qazax həmkarlarımızın başsağlığını qəbul edən Məmmədov yaxında üzləşdiyi bu itkidən sonra onun üçün işləməyin bir qədər çətin olduğunu gizlətməyib: “Bəli, yaxında anamı dəfn etdim. Düzünü deyim ki, hər şey çox gözlənilməz oldu. Əlbəttə, biz artıq yaşa dolmuş insanlarıq və hər şeyə hazır olmalıyıq. Ancaq istənilən halda, bu, mənim üçün böyük zərbədi. Bizim xalqların demək olar ki, oxşar ənənələri var. Dünyadan köçən insanı üçündə, yeddisində, qırxında xatırlayırsan. Mən də 7 gün komandamın yanında ola bilmədim. Bizdə legionerlərin qeydiyyatı ilə bağlı çətinliklər yarandı. Allaha şükür, klubumuzun işçiləri və rəhbərlik bütün məsələləri operativ şəkildə həll etdi. Dörd legioneri sifariş etdik. Biri qalmışdı ki, onu da çempionatın startına qədər həll etdik. Ancaq indi mənə çətin olduğunu inkar etmirəm. Nə vaxtsa yaxın adamını itirirsənsə, bu, çox ağır olur. Həm də mən evdən uzaq düşmüşəm. Ancaq yavaş-yavaş alışıram. Biz peşəkarıq və işləməliyik”.
Həmyerlimiz Qazaxıstanda işləyən ilk azərbaycanlı məşqçi kimi göstərdiyi fəaliyyətlə Azərbaycan futbolunun yüksək səviyyədə olduğunu isbatlamağa hazır olduğunu bəyan edib: “Mən bunu gözəl başa düşürəm. “Qəbələ”dəki 4 illik fəaliyyətim dövründə bir sıra uğurlar qazandım. Bu uğurlarımı Qazaxıstanda da təkrarlayacağıma böyük ümidlər bəsləyirəm. Mən bilirəm ki, bütün Azərbaycan “Atırau”nu izləyir, komandamıza azarkeşlik edir. Bilirəm ki, burda çətinliklərim olacaq. Biz bura sadəcə müqaviləyə görə işləməyə gəlməmişik. Həm də Qazaxıstan futbolunun inkişafına töhfə vermək istəyirik. Fikrimcə, hələlik əsas çətinliyimiz ondadı ki, Qazaxıstan futbolunu yaxşı bilmirik. “Atırau”da işlədiyim aylarda yerli oyunçularla tanış olmağa çalışıram. Son vaxtlar Qazaxıstan və Azərbaycan futbolunu çox müqayisə edirlər. Mən deyərdim ki, qazax futbolçular fiziki planda güclüdülər. Həmçinin o da diqqətimi çəkib ki, onlar daha tez öyrənirlər və intizamlıdılar. Bu, təbii ki, məşqçi üçün çox yaxşıdı”.
“Deyilənə görə, azərbaycanlı futbolçular topla əla davranırlar, ancaq rejimə əməl etmirlər. Bu düzdü” sualına isə Ramiz Məmmədovun cavabı belə olub: “Onlar azərbaycanlı futbolçular yox, Azərbaycan çempionatından olan legionerlərdi. Onlar çoxdu və özlərini azad hiss edirlər. Çox vaxt da bu, Bakıda baş verir. Çoxlu restoranlar, diskotekalar olan bu şəhərdə hər cür istirahət imkanı var. Məhz burda əcnəbilər çox tez-tez rejimi pozurlar, sonra da qəzəetlər bu haqda yazırlar. Azərbaycanlılar isə daha intizamlıdılar, nəinki gəlmələr. Qazaxıstanda bütün futbolçuların öz işlərinə çox peşəkar yanaşmaları məni çox sevindirir”.
“Qəbələ”nin sabiq çalışdırıcısı yeni komandasına cəlb etdiyi 4 fərqli ölkədən olan legionerlərlə necə ünsiyyət yarada bildiyini də açıqlayıb: “Mən deyəcəyim şeyi siz öncə də eşitmisiz: futbolda hamı bir dildə danışır. Onu da yaddan çıxartmaq lazım deyil ki, hansısa ümumi sözləri hamımız bilirik. Özüm legioner olmuşam, İranda oynamışam. “Qəbələ”də işlədiyim vaxtda da legionerlərlə çox ünsiyyət qurmuşam. Müxtəlif vaxtlarda 13-14 legionerlə işləmişəm. Hansı ki, aralarında argentinal, serb, rumın, polşalı, ukraynalı, latış da olub. Biz onların hər biriylə ümumi dil tapa bilmişik”.
Məmmədov vaxtilə “Qəbələ”də müdafiə futboluna üstünlük verməsi və yeni komandasında da eyni sistemlə çalışacağına dair düşüncələrə də münasibətini açıqlayıb: “Gəlin, sizə təlim-məşq toplanışında olanı danışım. Komanda yeni yığdığımız dövrdə 6 gün məşq etdik, 7-ci gün isə Albaniyanın güclü klubu ilə yoxlama oyunu keçirdik. Bu, mənim üçün sadəcə futbolçularımızla tanışlıq idi. Kimin nəyə qadir olduğunu görmək istəyirdik. 0:1 hesabı ilə uduzduq. Təbii olaraq aşkar görünürdü ki, zəif heyətimiz var. Növbəti oyunda biz Azərbaycandan “Xəzər Lənkəran”la görüşdük. Çox güclü komandadı. Azarkeşlərimiz əmin idi ki, “Atırau” uduzacaq. Ancaq mən bu dəfə “Qəbələ”də olduğu kimi taktika qurdum. Biz müdafiəyə üstünlük verdik və bu, faydalı oldu – “Atırau” qələbə qazandı. Lakun bütün məsələlər burasındadı ki, mən “Xəzər Lənkəran”ın imkanlarını, güclü və zəif tərəflərini yaxşı bilirdim. Buna görə demək istəyirəm ki, kiminlə necə oynamaq taktikadan asılıdı. Hamı ilə eyni üslubda oynamaq olmaz. Toplanış zamanı da baxdım ki, Qazaxıstan klublarının hərəsi bir stildə oynayır. “Atırau” heç də hər oyunda müdafiədən oynamayacaq”.
Ramiz Məmmədov sonda AÇ-2012-nin seçmə mərhələsində bir-birinə rəqib olan Azərbaycan və Qazaxıstan yığmalarının müqayisəsindən, eləcə də millimizin çalışdırıcısı Berti Foqtsa hansısa məsləhət verməsinin mümkünsüzlüyündən də danışıb: “Mən artıq demişəm ki, həm Azərbaycanın, həm də Qazaxıstanın güclü tərəfləri var. Futbolun səviyyəsi təxminən eyni səviyyədə olsa da, Azərbaycan klublarının daha güclü olduğunu qeyd edərdim. Bu da legioner limitinin olmaması ilə əlaqədardı. Lakin eyni zamanda legionerləri çox az olan “Qarabağ”ın Avropada daha uğurlu oynadığını da qeyd etmək lazımdı. Bu, Azərbaycan Premyer Liqasının səviyyəsinin artdığını sübut edir. Həmçinin dövlət başçısı futbolu yaxından izləyir və 5 il öncə bununla bağlı xüsusi fərman imzalayıb. Qazaxıstan yığmasını da görmüşəm. Dediyim kimi fiziki cəhətdən güclü kollektivdi. Belarusla oyunda hesabın bərabərləşməsinə də məhz bu kömək etdi. Qazaxıstan və Azərbaycan yığmalarının oyununda hər iki komandaya azarkeşlik edəcəyəm. Qoy, güclü qalib gəlsin. Qazaxıstanda çalışdığım üçün Azərbaycan tərəfinə hansısa informasiya ötürmək isə mənə aid deyil. Azərbaycan yığmasının baş məşqçisi var, onun əlinin altında çoxlu mütəxəssislər işləyir. Sirləri öyrənib, informasiya yığmaq – bu, onların işidi. Mən Berti Foqtsun köməkçisi deyiləm. O, məndən heç bir məsləhət almayacaq. Mən “Atırau”nun baş məşqçisiyəm, Azərbaycan yığmasının seleksiyaçısı yox. Heç kimə heç nə məsləhət verməyə hazırlaşmıram”.
