10 mart 2011 12:16
“Neftçi`ni yenə 2 cavabsız qolla yensək, pis olmazdı”
“Bakı”nın qapıçısı Marko Şarliya azerisport.az saytına müsahibəsində “Qəbələ” ilə kubok oyunundan və qarşıdakı “altılıq” mərhələsinin “Neftçi” ilə ilk görüşündən danışıb.
- İlk oyunda olduğu kimi, “Qəbələ” ilə cavab oyununuzda da inamlı oyun sərgiləmədiniz…
- Şükür Allaha ki, qələbə qazandıq və növbəti mərhələyə adladıq. “Qəbələ” ilə cavab oyunu da ilk matç kimi ağır idi. Rəqib inamlı oynamağa və səhv etməməyə çalışırdı. Jaba qol vurduqdan sonra biz daha çox müdafiə olunmağa başladıq. Oyundan öncə hər kəs qarşılaşmanın vacibliyini dərk edirdi. Klub rəhbərliyi də bizimlə görüşdə bildirmişdi ki, taleyimiz öz əlimizdədi. Çox şadam ki, artıq “Bakı” yarımfinaldadı.
- Əvvəllər “Bakı” daha çox hücum edərdi. İndi isə əsasən müdafiəyə diqqət ayırırsız. Yoxsa sizi buna “Qəbələ” məcbur edirdi?
- Biz böyük məsuliyyət hiss edirdik. Buna görə də son dəqiqələrdə daha çox müdafiə olunmağa çalışdıq. Bir qol qələbəyə yetərli idi. İndi daha çox nəticə vacibdi. Bu da ki bizim xeyrimizədi. Bizim neçə qol vurmağımız isə artıq heç bir əhəmiyyət daşımır. Gizlətmirəm ki, biz rəqibə kömək edəcək nəsə səhv etmək istəmirdik.
- Bəs rəqibin çıxışını necə dəyərləndirərdiz?
- “Qəbələ” çox ciddi komandadı. Təəssüflənirəm ki, onlar ilk altılığa düşmədilər. Qələbə üçün bəxt də lazım idi. Düşünürəm ki, onlarda məhz bu çatışmadı.
- “Bakı” artıq 4 oyundu qapısında qol görmür. Bu qapıçının xidmətidi ya müdafiəçilərin?
- Biz komanda oyunu sərgiləyirik. Əgər komanda 4 oyunu qapısından qol buraxmırsa, deməli müdafiə və qapı xətti bir-birini gözəl başa düşür. Eyni zamanda həm də hücumçularımız ön xəttdə daha çox iş görür ki, rəqibimiz öz hücumlarını təşkil edə bilmir. Qapımızdan qol buraxmamağımız məni sevindirməyə bilməz.
- Yeri gəlmişkən, kubokdakı növbəti rəqibiniz “Xəzər Lənkəran”dı...
- Onlarla ehtiyatlı oynamalı olacağıq. Komanda topla əla rəftar edir və çoxlu qol vura bilər. Başlıcası səfərdə qol buraxmamaqdı. Amma özümüzdə biz mütləq qol vurmalıyıq ki, növbəti mərhələyə vəsiqəni rəsmiləşdirək. Çətin oyun olacaq. “Böyük oyun”un davamı kimi.
- Yəqin ki, XL hələ “Bakı”nın ötən il ona vurduğu zərbələri unutmayıb...
- Bu, idmandı. Burda küsməyə gərək yoxdu. Ötən mövsüm “Bakı” göstərdi ki, öz futbolunu oynayır. Çoxları düşünürdü ki, biz rəqiblə danışıqlara gedəcəyik. Ancaq gördüyünüz kimi, komanda hər iki cəbhədə sona kimi vuruşdu. Nəticədə də uğur qazana bildik. Öncə onları çempionat çərçivəsində öz meydanlarında yendik. Daha sonra isə kubokun finalında.
- Artıq 1 il vaxt keçib. Necə düşünürsüz, bu müddət ərzində “Bakı” və “Xəzər Lənkəran” çox dəyişib?
- Lənkəranlıların heyətində çoxlu legioner var. Çünki yeni baş məşqçiləri belə uğur qazanacağına inanır. Bizdə də çoxlu dəyişikliklər olub. Amma yeni baş məşqçimizin gəlişindən sonra intizam baxımından çox irəliləyiş var. Komanda artıq 4 oyundu uduzmur, qol buraxmır. Hər şey yaxşılığa doğru dəyişir. İstənilən halda, XL və “Bakı” azarkeşlərini maraqlı qarşılaşma gözləyir. Ancaq indi daha çox çempionat haqda düşünməliyik. XL-la oyuna kimi hələ çox qalır.
- “Altılıq”dakı ilk oyununuz lider “Neftçi”yə qarşıdı...
- Sonuncu dəfə biz onları 2:0 hesabıyla məğlub etmişik. Çətin oyun olmuşdu. Aydın məsələdi ki, “altılıq”da asan oyun olmayacaq. Yenidən onları 2 cavabsız qolla yensək, heç də pis olmazdı.
