11 mart 2011 00:46
Elxan Abdullayev: Qazaxıstana məqsədimizə nail olmaq üçün gəlmişik
Qazaxıstanın “Atırau” klubunda baş məşqçi Ramiz Məmmədovun əsas köməkçisi olan digər həmyerlimiz Elxan Abdullayev azerisport.az saytına müsahibəsində Qazaxıstan çempionatındakı debüt matçlarından və şanslarından danışıb.
- “Aktobe” ilə qarşılaşdığınız Qazaxıstan çempionatının ilk turunu necə dəyərləndirərdiz?
- Matç ekstremal şərtlər altında keçirilirdi. Bilirsiz ki, -18, -19 dərəcədə oynamaq heç də asan deyil. Özü də “Aktobe”nin əsas stadionu təmirə bağlandığından, oyun ehtiyat meydançada keçirilirdi. Hansı ki, heç standartlara tam cavab vermirdi. Bizim legionerlər elə şəraitdə oynamağa alışmamışdılar. Belə şaxtalı havada heç də bütün futbolçular öz imkanlarını nümayiş etdirə bilmir. İlk oyun da göstərdi ki, bizi maraqlı mübarizə gözləyir.
- “Aktobe” haqda nə deyərdiz?
- Bu, ölkənin ən güclü klublarından biridi. Mən bu komandanı hələ “Birlik Kuboku”ndan xatırlayıram. Əgər xatırlayırsızsa, bu komanda ilə həm “Bakı”, həm də “İnter” üz-üzə gəlmişdi.
- Sizcə, “Aktobe” “İnter”lə Moskvadakı oyundan sonra nə kimi dəyişikliklərlə üzləşib?
- Bu müddət ərzində heyətlərində dəyişikliklər olub. “Aktobe”nin baş məşqçisi hələ də Muxanovdu. Samat Smakov isə kapitanıdı. Hansı ki, hazırda müasir Qazaxıstan futbolunun ən aparıcı simalarından biri hesab olunur. “Atırau”dan fərqli onların möhkəm təməli var. Onlar çempionatın favoritidi.
- Bizim klubları Qazaxıstan komandaları ilə müqayisə edə bilərsiz?
- Hazırda Qazaxıstanda daha çox gənc futbolçulara önəm verilir. Bizdə hər oyunda komandalar 8 legionerlə çıxış edə bilər. Burda isə hər komanda əsas heyətində sadəcə 5 əcnəbiyə yer ayıra bilər. Əgər müqayisə etsəz, onda təsəvvür edin ki, bizimkilər 5 legionerlə necə oynardılar? Bizdə klublar iştirak ərizəsinə 20-yə yaxın legioner daxil edə bilir ki, bu da yerli və gənc futbolçuların əsas heyətə yolunu qısaldır. Ancaq Qazaxıstan çempionatının əsasnaməsində hətta bunu da unutmayıblar. Hər klubun heyətində 1990-cı ildən sonra anadan olan 2 futbolçu olmalıdı ki, onlardan da biri mütləq ilk “11-lik”də meydana çıxmalıdı. Bu, mütləqdi. Deməli qazaxlar futbolun inkişafında maraqlıdılar. Axı 21 və daha az yaşı olan oyunçular həm də gənclərdən ibarət komandalarda çıxış edir. Amma bizdə gənclərdən və digər yaş qruplarından ibarət yığmalaramızın üzvlərinin hansı aqibətlə üzləşdiyini hamı yaxşı bilir. Onlardan bəziləri əvəzedici komandalarda oynaya bilirsə, bəziləri də ehtiyat oyunçular skamyasında qalır.
- Bu reqlamentə əsasən idi. Bəs oyun planında hansı fərqlər var?
- Bizdə texniki futbola üstünlük verilir. Azərbaycanda əsasən texnikadı. Burda isə daha çox güc futboluna üstünlük verirlər. Deməzdim ki, qazaxıstanlı futbolçular zəifdilər. Məsələn, Antalya toplanışı vaxtı bir sıra komandalarla yoldaşlıq matçı keçirdik ki, onlardan da biri Azərbaycan təmsilçisi (“Xəzər Lənkəran”ı nəzərdə tutur – red.) idi. Ancaq ölkəmizin ən güclü klublarından biri komandamıza qalib gələ bilmədi. Odu ki, bizimkilər əsasən legionerlərə üstünlük verirlər. Əgər klublarımız da əsasən yerli futbolçulara üstünlük versəydilər, necə olardı, bilmirəm.
- “Atırau” ilk altılığa düşə biləcək?
- Bizdə olduğu kimi, burda da hər komanda ilk altılığa düşmək istəyir. Ancaq burda xalların hesablanması qaydası fərqlidi. Məsələn, komandanın ilkin mərhələdə topladığı xallar “altılıq”da ikiyə bölünür. Tutaq ki, 44 xalı olan komanda “altılığ”a 22 xalla başlayır. 43 xalı olan varsa, onda da daha yüksək yuvarlağa (22) üstünlük verilir. Bizim də əsas məqsədimiz ilk altılığa düşməkdi. Amma nə olacağını zamanla biləcəyik.
- Çempionatın ilk turundan sonra “Atırau”nun şanslarını dəyərləndirmək olar?
- Proqnoz verməyi sevmirəm. Ancaq biz bura öz məqsədlərimizə nail olmaq üçün gəlmişik. Başlanğıc üçün bizə ilk altılığa düşmək lazımdı. Fikrimcə, “Atırau” öz oyununu göstərə biləcək. Sadəcə futbolçularımızın uyğunlaşmasına ehtiyac lazımdı. Çünki çoxlu gedən və əvəzlərində yeni gələnlər olub. Onların bir neçə oyunda iştirak etməklə bir-birinə öyrəşməsi lazımdı.
