11 mart 2011 15:25
Uinston Parks: Bu, mənim ən yüksək formam deyil
Son üç oyunun hamısında qol vuran “Xəzər Lənkəran”ın kosta-rikalı hücumçusu Uinston Parks bugün diqqət mərkəzində olan əsas oyunçulardandı. Azerisport.az xəbər verir ki, o, müsahibəsində son oyunlar haqqında fikrini bölüşüb, öz oyununa münasibət bildirib və komandadakı dəyişiklikləri dəyərləndirib.
- Öncə “Neftçi”yə qarşı keçirilən son oyun barədə fikrini bilmək istərdik.
- Əlbəttə, bu olduqca çətin oyun oldu. Biz gözəl bilirdik ki, onları yalnız qələbə düşündürür və özümüzü buna hazır etmişdik. Belə də oldu, gərgin bir görüş keçdi. Amma biz hər şeyi düzgün edib, bizə kifayət edən heç-heçəni əldə edib, növbəti mərhələyə keçdik.
- Artıq növbəti oyundu ki, meydanı zədə üzündən erkən tərk etməli olursan. Müdafiəçilər sənə qarşı çox kobud oynayır?
- Sözsüz ki, müdafiəçilər mənə xüsusi diqqət ayırırlar. Amma deməzdim ki, zədələnməyin səbəbi məhz kobud oyundu. Bilirsiz ki, biz bu ərəfədə çoxlu oyunlar keçiririk. Bu oyunlar arasında fasilə də az olur, hər bir görüş də olduqca vacibdi. Bu səbəbdən yorğunluqla bağlı əzələmdə bəzi problemlər meydana gəldi.
- Son oyunlarda tək hücumçu kimi çıxış edirsən. Bu sənə çətinlik yaratmır?
- Meydanda tək forvard olanda bəzən iki və hətta üç müdafiəçiyə qarşı oynamalı olursan. Burada bir qədər çətinlik var. Amma hər şey tək hücumçudan yox, bütün komandadan asılıdı. Mənim üçün isə cinahların xüsusi əhəmiyyəti var. Əgər cinahlar yaxşı işləyirsə və sən daim ötürmələrlə təmin edilirsənsə, heç bir çətinlik yaşamırsan.
- Növbəti oyuna hazır olacaqsan?
- Hələ dəqiq deyə bilmərəm. Bu, məşqdən sonra bilinəcək. Əgər ağrı hiss etməsəm, oynaya biləcəm.
- AZAL-a qarşı son oyundan elə də çox zaman keçməyib. Bu komandanın hazırkı oyunu barədə nə deyə bilərsən?
- Onlar güclü intizama malik olan və müdafiə olunmağı yaxşı bacaran komandadı. Taktiki düzülüşə çox ciddi riayət edirlər və mövqeləri uğurla bağlamağı bacarırlar, ona görə onlara qarşı oynamaq çətin olur. Xüsusilə, onların müdafiədən tez hücuma keçmələrinə diqqət ayırmaq lazımdı.
- Qış fasiləsindən sonra sənin oyununda böyük irəliləyiş var. Demək olarmı ki, sən hal-hazırda vaxtilə olduğun yüksək formadasan?
- Yox, mənim ən yüksək formada olmağım üçün hələ üzərimdə çox işləməliyəm. Mövsümün ilk yarısı mənim üçün daha çətin oldu, çünki yeni kluba və yeni çempionata gəlmişdim. Adaptasiya getdiyindən, dərhal yaxşı oyun göstərmək çətin oldu. Hal-hazırda irəliləyiş var, amma bu, mənim ən yüksək formam deyil.
- Son transfer pəncərəsində kluba bir çox yeni oyunçu gəldi. Bunun nəticəsini artıq görmək olur?
- Əlbəttə. Bu, çox yaxşıdı. Ötən il biz çox az sayda oyunçuya güvənə bilirdik və bir nəfər zədələndikdə artıq problemlər yaranırdı, əvəzetmə tapmaq çətin olurdu. İndi isə bizim geniş heyətimiz var və ehtiyac olduqda bir futbolçunu digəri ilə əvəz etmək olur.
- Yığma karyeran barədə nə deyə bilərsən? Kosta-Rika millisində kifayət qədər oyun keçirmisən, bəs hal-hazırda vəziyyət necədi?
- Bizim yığmada indi yeni baş məşqçi işləyir. Onun əsas məqsədi gəncləri üzə çıxarmaq, ölkənin yeni nəsil futbolçularından ibarət komanda yaratmaqdı. Bu səbəbdən artıq tanıdığı təcrübəli oyunçular onu o qədər də maraqlandırmır. Mənimlə maraqlandığı barədə eşitmişəm. Sözsüz ki, burada vurduğum hər bir qol Kosta-Rikada işıqlandırılır. Odu ki, ehtiyac olsa, yığmaya çağırılaram. Onu da deyim ki, özüm bu dəqiqə yığma karyerası haqqında o qədər də düşünmürəm. İndi tam olaraq klub karyerası üzərində diqqətimi cəmləmişəm və bir nömrəli məqsədim çempionluq və kuboku qazanmaqdı.
- Sənin Avropanın müxtəlif çempionatlarında oyun təcrübən var. Buna əsaslanıb “Xəzər Lənkəran”ın avrokubok perspektivləri barədə nə deyə bilərsən?
- Avrokuboklar və ölkədaxili çempionat bir-birindən fərqlənirlər. Əgər ölkə çempionatı uzun marofondursa, Avropa turnirlərinə vəsiqə qazanmaq üçün qısa müddət ərzində nəticə qazanmaq lazımdı. Burada hazırlıq vacib rol oynayır. Bəzən biz hansısa oyunçunun Avropa miqyaslı yarışda oynamasına təəccübləndiyini görürük. Lakin biz bunu bacarsaq, təəccüblənməməliyik, sadəcə buna hazır olmalıyıq. Əlbəttə, buna nail olmaq üçün irəlidə görüləsi çox iş var, və yeni oyunçuların da komandaya cəlb olunması mümkündü. Amma əsası odu ki, getdiyimiz yol doğrudu və lazımi nəticəyə çatmağımız mümkündü.
Mənbə: XL-ın rəsmi saytı
