11 mart 2011 12:04
Həmyerlilərimizin klubundan unikal mükafatlandırma sistemi
Rusiyanın “Anji” klubu futbolçularının mükafatlandırılması yolunda bir qədər orijinal və unikal bir sistemə əl atıb. Azerisport.az xəbər verir ki, adətən dünya təcrübəsində aparıcı klubların hər biri səfər qələbələrinə daha çox önəm verib, belə oyunlarda qazanılan qələbələrə görə daha çox mükafat təyin etsə də, Mahaçqala klubu fərqli addım seçib.
Belə ki, “Anji” başbilənləri daha çox ev oyunlarından futbolçularının stimullaşdırılmasına çalışır. Məhz bu üzdən də ev oyunlarındakı qələbələr üçün daha çox mükafat təyin edilib. Bununla onlar komandanın oyunlarına Dağıstanda daha böyük maraq və sevgi yaratmaq məqsədi güdürlər. Belə mükafatlar həm də komandanın məşqçi və texniki heyətində aid olunacaq.
Maraq üçün bildirək ki, “Anji”də millimizin üzvü Mahir Şükürovla yanaşı, vaxtilə ölkəmizin şərəfini qorumuş Şamil Lahiyalov top qovur. Həmçinin Emin Ağayevlə Vaqif Sadıqov da bu komandada məşqçi kimi fəaliyyət göstərir.
