12 mart 2011 15:54
Yığmamız Türkiyədə 3-cü yeri də tuta bilmədi (YENİLƏNİB)
İzmir şəhərində təşkil olunmuş beynəlxalq turnirdə iştirak edən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün son oyununa çıxıb. Azerisport.az xəbər verir ki, 3 oyundan 5 xal toplayan yığmamız qrup mərhələsini ikinci yerdə başa vurmuşdu.
Turnirin Əsasnaməsinə uyğun olaraq, Azərbaycan üçüncü yer uğrunda oyunda Türkiyənin Şərq region yığması ilə qarşılaşıb. Bakı vaxtı ilə saat 14:00-da başlayan oyun Kuşadası Özer Türk stadionunda keçirilib. Lakin qarşılaşmada yalnız bir qol vurulub ki, o da türklərə qələbə sevinci bəxş edib. Beləcə Təbriz Həsənovun yetirmələri qardaş ölkədə heç 3-cü yeri də tuta bilməyib.
Azərbaycan – Türkiyə Şərq region yığması - 0:1
Azərbaycan yığması meydana aşağıdakı start heyətlə çıxıb: Əyyub Əliyev, Elvin Camalov, Sadiq Quliyev, Adil Nağıyev, Nurlan Şiriyev, Kamran Abdullazadə, Kənan Manafov, David Qarayev, Ruslan Abdullayev, Orxan Əliyev, Ruslan Nəsirli.
