14 mart 2011 17:06
Cəmşid Məhərrəmov: Onlar birtərəfli hakimlik etdilər
Premyer Liqaniın 23-cü, final mərhələsinin ilk turunda üz-üzə gələn “Bakı” və “Neftçi”nin mübarizəsindən qonaqlar minimal hesablı qələbə ilə ayrıldı. Azerisport.az xəbər verir ki, qarşılaşmanın 12-ci dəqiqəsində yaranan qalmaqallı epizod isə yəqin ki, hələ çox danışılacaq.
Həmin epizodda “Bakı”nın futbolçusu Jaba rəqibin qapıçısı Rauf Mehdiyevlə təkbətək qalan anda Əfqan Həmzəyev hücumçunun yerdə qalmasını penalti kimi dəyərləndirmədi. Lakin meydan sahiblərinin iddiasına görə, Mehdiyev qaydaları pozaraq topa yox, oyunçunun ayağına təmas etmişdi. “Zolaqlılar”ın kapitanı Cəmşid Məhərrəmov sözügedən epizodu belə xatırlayır:
“Hakim son ümid folu olaraq Rauf Mehdiyevə qırmızı vərəqə göstərib, “Neftçi”nin qapısına 11 metrlik cərimə zərbəsi təyin etməli idi. Ancaq bu baş vermədi. Səbəbini oyunun baş hakimi Əfqan Həmzəyevdən soruşmaq lazımdı.
Bu epizod baş verəndə oyunun 12-ci dəqiqəsi oynanılırdı. Əgər qapıçı cəzalandırıb, 11 metrlik cərimə zərbəsi verilsə idi, kim bilir hadisələr hansı məcrada inkişaf edəcəkdi?
Yan xətt hakimləri dəfələrlə olmayan oyundankənar vəziyyət qeydə alıb, hücumlarımızın qarşısını alırdılar. Konkret olaraq Ruslan Leviqanın müdafiəni yararaq irəlilədiyi vəziyyətdə ofsayd bayrağınin havalandırılmasını anlamaq olmur.
Oyunu idarə edən briqada açıq-aydın birtərəfli hakimlik etdi. Bunu hamı gördü”.
