14 mart 2011 18:09
Georgi Nikolov: Sxadadzenin dediyi oyunçuları mən almadım
“İnter”in prezidenti Georgi Nikolov azerisport.az saytına müsahibəsində komandasının son dövrlərdəki zəif çıxışından və şanslarından danışıb.
- “İnter” son oyunlarda heç cür özünə gələ bilmir. Öncə “Xəzər Lənkəran”a məğlub olduz, ardından “Abşeron”u heç də inamlı təsir bağışlamayan oyunlarla keçdiniz, ən sonda isə “Qarabağ”a uduzdunuz...
- Əlbəttə, bütün bunlar bizi heç də qane etmir. Biz komandanın baş məşqçisi Kaxaber Sxadadze ilə daim əlaqə saxlayırıq. Şənbə günü baş tutan oyunda da sonra onunla hətta klubun sahibi Cahangir Hacıyevin iştirakı ilə söhbətimiz oldu.
- Bəs o, bütün bu uğursuzluqların səbəbini nə ilə izah edir?
- Biz səbəbləri öyrəndik və belə qənaətə gəldik ki, oyunçularımızda psixoloji boşalma mövcuddu. Mənə mövsümün hələ başa çatmadığını demək lazım gəldi. Oynamaq lazımdı.
- Olmaya “Birlik Kuboku”ndakı çıxışınız öz sözünü deyir? Axı Azərbaycan klubları üçün belə bir ənənə var...
- Mən belə əlamətlərə inanmıram. Bu, bir təsadüfdü. “Birlik Kuboku” bizim çıxışımıza heç bir mənfi təsir göstərə bilməzdi. Onsuz da biz mövsümün qalan dövrünə hazırlıq məqsədilə yoxlama matçları keçirməliydik. Sadəcə bunları Sankt-Peterburqda keçirdik. Xeyr, “Birlik Kuboku” burda heç bir rol oynaya bilməz.
- Artıq liderdən 11 xal geri qalırsız. Çempionluqdan əlinizi üzmüsüz?
- Hələlik, nəzəri şanslarımız qalır. Mübarizə aparmaq lazımdı. Düzdü, indiki vəziyyətimiz ürəkaçan deyil və bunu qəbul edirik. Ancaq biz çempionluq mübarizəmizi sonadək davam etdirəcəyik. Turnir cədvəlini mümkün qədər üst pillələrdə tamamlamağa çalışacağıq.
- “Qarabağ”la oyundan sonrakı mətbuat konfransında Sxadadze bildirdi ki, komandada görmək istədiyi 3 futbolçu alınmayıb...
- Sözün düzü, mən onun dediyi futbolçuların adlarını bilmirəm. Biri Petr Zlatinovu əvəz etməli olan braziliyalı pleymeyker idi. Ancaq mən onu almadım. Çünki braziliyalılara bizim burdakı şəraitə alışmaq çətindi. Digər oyunçularla hərrac 500 000 manatdan başladı. Amma elə oyunçuları almaq heç də səmərəli deyildi.
- Son vaxtlar “İnter” oyunlarına bilet satışına başlayıb. Ancaq qonaq komandanın azarkeşləri biletlərin ancaq onlara satıldığını iddia edirlər.
- Birincisi, öz oyunlarına bileti ancaq “İnter” satmır. Bilet satışı UEFA-nın tələblərindən biri, klubun inkişaf mərhələlərindən biridi. Biz ki, bilet satışına yüksək qiymətlər qoymuruq. Bir manat qiymətində olan bileti demək olar ki, hamı əldə edə bilər. İkincisi, bu barədə “Qarabağ” azarkeşləri deyiblər. Biz onlara 100 bilet ayırmışdıq. Sonra onlar bir o qədər də istədilər. Biz yenə güzəştə getdik. 200 bilet tamamilə normal kəmiyyətdi. Basa-bas isə bizdən biletsizlərə giriş təşkil etməyi tələb edənlər tərəfindən yaradılmışdı. Klubumuzun əməkdaşlarının buna heç bir aidiyyatı yoxdu. Mən iki il qabaq Quzanlıda baş vermiş bir hadisəni yada sala bilərəm. Mənim gözlərimin qarşısında “İnter”in azarkeşlərini 50 nəfər üçün nəzərdə tutulmuş tribunaya oturtdular. Halbuki, onların sayı 200-ə yaxın idi. Yeri gəlmişkən, onlar da bilet satmışdılar. İki manata.
- Buna görəmi “İnter” Quzanlıya getmək istəmir?
- Əgər PFL Quzanlıda ev oyunlarının keçirilməsinə icazə veribsə, təyin edəcəksə, biz ora getməyə hazırıq.
