14 mart 2011 11:38
Flavinyo: XL-ın AZAL-a uduzması bizim üçün əlavə stimul oldu
“Neftçi”nin braziliyalı yarımmüdafiəçisi Flavinyo “Bakı” üzərində qazanılan 1:0 hesablı qələbədən sonra azerisport.az saytının suallarını cavablayıb.
- Komandanız “Bakı” ilə oyunda çətin, amma vacib qələbə qazandı...
- Həqiqətən çox çətin oyun oldu. Rəqibimiz çox sıx oyuna üstünlük verirdi. Nəticə də oyunun nə dərəcədə ağır olmasından xəbər verir.
- Sizin qolunuzdan sonra komandanız meydanın özünə aid hissəsinə çəkildi...
- Meydançanın vəziyyəti də ağır idi. Oynamaqda çətinlik çəkirdik. Gücümüzə də qənaət etməliyik ki, sona kimi bu tempdə getməyimizə şərait yaratsın. Erkən qoldan sonra müdafiəyə çəkilsək də, hər halda əks-hücumlara atılırdıq. Fikrimcə, bizim bu cəhdimiz bilərəkdən idi.
- Bu qələbə sayəsində ən yaxın izləyiciniz “Xəzər Lənkəran”dan 4 xal aralanmış olduz...
- Hələ matç başlayana kimi artıq “Xəzər Lənkəran”ın AZAL-a məğlubiyyətindən xəbərdar idik. Bu da bizim üçün əlavə bir motivasiya oldu ki, derbidə qələbə qazanıb, fərqi artıraq.
- Amma digər tərəfdən “Qarabağ” inamla irəliləyir...
- Əgər biz xal itkisi ilə üzləşməsək, bizim üçün heç bir rəqib qorxulu deyil. Odu ki, bu, mənim üçün o qədər də maraqlı deyil.
- Son zamanlar siz komandanızın xilaskarına çevrilmisiz. Beş oyunda 6-cı qolunuzu vurdunuz...
- Bu mənim üçün o qədər də vacib deyil. Əsas komandaya kömək etməkdi. Əgər “Neftçi” qələbə qazanırsa, deməli hər şey yaxşıdı.
- Ancaq əvəzində Bahodir Nasimov qol vura bilmir. Siz onun bu susqunluğunu nədə görürsüz?
- Mən bunu normal qəbul edirəm. Onun hesabında artıq 15 qol var. Bu istənilən halda Nasimovun komanda üçün necə faydalı olduğunu göstərən faktordu. İndi vurmursa, sonra vurar.
