14 mart 2011 12:33
“Həmin vəziyyətdə Jabaya sarı vərəqə verilməli idi”
"Neftçi" təcrübəli futbolçusu İqor Mitreski "Bakı" ilə oyundan sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, makedoniyalı futbolçu minimal hesabla qalib gəldikləri görüşü belə dəyərləndirib:
"Bizim üçün vacib qələbə idi. "Bakı" ciddi rəqibdi. Heyətində yaxşı futbolçular yer alır. Düşünürəm ki, görüş baxımlı alınmasa da, meydanda gərgin mübarizə getdi. Biz yaxaladığımız imkanı əldən vermədik və 3 xal qazandıq. Çox sevinirəm ki, komanda yoldaşlarım bu qələbəni mənim yeni dünyaya gələn övladıma həsr etdilər, belə olduqda qələbə mənim üçün ikiqat əzizdi. Hər kəsə təşəkkür edirəm. Bizim yeganə məqsədimiz çempion olaraq, Azərbaycanı Çempionlar Liqasında layiqincə təmsil etməkdi. "Bakı" ilə matçda Jabanın epizoduna gəlincə, mən həmin vəziyyətdə ona sarı vərəqə verilməli olduğunu düşünürəm. Çünki videotəkrar zamanı açıq-aşkar görünür ki, Rauf Mehdiyev braziliyalı futbolçuya toxunmayıb" - deyə Mitreski klubun saytına açıqlamasında bildirib.
