15 mart 2011 13:27
İntizam Komitəsi iki futbolçuya 4 oyunluq cəza kəsdi
Bu gün keçirilən AFFA İntizam Komitəsinin iclasında əvəzedicilərin və birinci divizionun da son turunda baş verən qayda pozuntularına hüquqi qiymət verilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul edilib.
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin 23-cü turunun “Simurq” – “Muğan” matçında “Simurq”un 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. Oyunun 84-cü dəqiqəsində “Muğan”ın futbolçusu Ceyhun Abdullayev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub.
AZAL – “Qəbələ” matçının 38-ci dəqiqəsində AZAL-ın futbolçusu Sahib Muxtarov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub.
Azərbaycan birinc divizionunun 17-ci turunun “Karvan” – “Sumqayıt” matçı başa çatdıqdan sonra “Karvan”ın futbolçusu Ruslan Hüseynov aqressiv oyuna görə (rəqibə əl ilə zərbə) birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəzalanıb, klubu 400 manat cərimə olunub.
“Rəvan” – “Bakılı” matçının 65-ci dəqiqəsində “Bakılı”nın futbolçusu Samir Quliyev hakimin qərarına kobud şəkildə etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Energetik” – “Göyəzən” matçının 90+3-cü dəqiqəsində “Energetik”in futbolçusu Aqşin Salahov hakimə etiraz etdiyinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
