15 mart 2011 14:39
Belçika yığmamızla oyun ərəfəsində daha bir itki ilə üzləşdi
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində millimizin rəqiblərindən olan Belçika yığması daha bir futbolçusunun xidmətindən məhrum olub. Azerisport.az xəbər verir ki, bu dəfə Belçikanın “Anderlecht” klubunda forma geyən Conatan Lejar zədə problemi ilə üzləşib.
Lakin aparılan ətraflı müayinədən sonra yarımmüdafiəçinin zədəsinin ciddi olmadığı müəyyənləşib. Buna baxmayaraq, futbolçunun qarşıdan gələn Avstriya (25 mart) və Azərbaycanla (29 mart) oyunlarda forma geyməsi sual altındadı. Rəqibimizin baş məşqçisi Jorj Leekens Lejarın vəziyyəti qısa zamanda düzəlməsə, onun əvəzində Hollandiyanın “Twente” klubunda forma geyən Naser Şedlini çağırmağı planlaşdırır.
Qeyd edək ki, belçikalıların yığmamızla oyun ərəfəsində Lejardan öncə Maruan Fellaini, İqor de Kamarqo, Tomas Vermalen və Nikolas Lomberts kimi aparıcı üzvlərinin forma geyə bilməyəcəyi dəqiq idi.
