15 mart 2011 16:08
Löv müqaviləsinin yenilənməsini tələb edir
AÇ-2012-nin seçmə mərhələsində Azərbaycan yığmasının rəqiblərindən olan Almaniya millisinin çalışdırıcısı Yoahim Löv, müqaviləsinin müddətinin indidən uzadılmasını istəyir. Azerisport.az xəbər verir ki, Bundestimin baş məşqçisi Braziliyada düzənlənəcək DÇ-2014-də komandanın sükanı arxasında olub-olmamasının indidən dəqiqləşməsini tələb edir.
Bu haqda 51 yaşlı çalışdırıcı ünlü “Bild” nəşrinə açıqlamasında bunları dilə gətirib: “İşimə davam etmə ehtimalım çox yüksəkdi. Amma bunun üçün indidən hərəkət etmək lazımdı. Kimsə 2010-cu ildə olduğu kimi, DÇ ərəfəsində tələm-tələsik müqavilə bağlanılmasını istəməz. Almaniya Futbol Federasiyası ilə çox yaxşı işbirliyimiz var. Həm AÇ-2012, həm də növbəti dünya birinciliyinə çox böyük ümidlərimiz var və bu yolda əminliklə çalışırıq”.
Qeyd edək ki, Yoahim Löv, 2006-cı ildə fəaliyyətə başladığı Almaniya millisini artıq 2008-ci ildəki AÇ-nin finalına, DÇ-2010-un isə yarımfinalına çıxarmağı bacarmışdı.
