15 mart 2011 16:37
Şükürov: Zədə səbəbindən Anji`nin heyətində yer ala bilmirəm
"Neftçi"nin baş məşqçisi Arif Əsədov Mahir Şükürovun komandanın düşərgəsində məşq etməsi ilə bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı millimizin üzvünün onlarla birgə çalışmasını belə dəyərləndirib:
"AFFA rəhbərliyi və yığmamızın baş məşqçisi Mahir Şükürovun komandamızın düşərgəsində məşq etməsi üçün bizə müraciət etdi. Bilirsiniz ki, qarşıda yığmamızı AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində martın 29-da Belçika millisi ilə vacib oyun gözləyir. Yığma komandamızın üzvünün həmin görüşə daha yaxşı hazırlaşması üçün, onların müraciətini müsbət cavabladıq".
Bu gündən etibarən "Neftçi"nin məşqində iştirak edən yığmamızın üzvü Mahir Şükürov da fikirlərini bölüşüb: "Bildiyiniz kimi, zədə səbəbindən "Anji"nin heyətində yer ala bilmirəm. Bu məqsədlə vətənə qayıtdım. Daha sonra həkim müayinəsindən sonra, onlar məşq edə biləcəyimi bildirdilər. AFFA rəhbərliyi və yığmamızın baş məqşçisi Berti Foqts məşq etməyim üçün, "Neftçi" PFK-nın rəhbərliyinə və baş məşqçi Arif Əsədova müraciət etdi. Sağ olsunlar, onlar da bu müraciəti müsbət cavabladı. Hazırda "Neftçi"nin düşərgəsində məşq edirəm. Buna görə, "Neftçi" rəhbərliyinə, məşqçilərə və futbolçulara öz təşəkkürümü bildirirəm" - deyə, o, "Neftçi"nin rəsmi saytına açıqlamasında bildirib.
