15 mart 2011 00:02
Ünlü Fransa nəşri Neftçidən yazmaq üçün Lənkərana gedəcək
Dünyanın məşhur nəşrlərindən olan Fransanın "L-Equipe" nəşrinin nümayəndələri Bakıya gələrək, "Neftçi"yə qonaq olublar. Azerisport.az xəbər verir ki, gələnlərin – məşhur jurnalist Sessile Bantron və fotoqraf Barbara Strobelin məqsədi son bir ildə klub rəhbərliyinin gördüyü iş sayəsində Avropada ad-san qazanan "Neftçi"ni "L-Equipe"in jurnal, qəzet və internet saytında işıqlandırmaqdı.
Xüsusilə "Neftçi"nin prezidenti Sadıq Sadıqovun Avropada ilin futbol adamı seçilməsi və flaqmanın yetirməsi Araz Abdullayevin İngiltərənin "Everton" klubuna transfer olunması "L-Equipe" nümayəndələrini Bakıya gəlməyə vadar edib. Fransanın ən məşhur nəşri "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqovdan müsahibə götürəcək, klubda uşaq futbolu üçün görülən işlərdən və Araz Abdullayevin "Everton"a keçidi ilə bağlı məqalələr hazırlayacaq. "L-Equipe"in nümayəndələri "Neftçi"nin martın 18-də keçiriləcək "Xəzər Lənkəran"la oyununu izləmək və bu qarşılaşmadan reportaj hazırlamaq üçün Lənkəran şəhərinə də gedəcəklər.
