15 mart 2011 12:04
Savinov: Neftçi`yə qarşı sərgilədiyimiz oyunu göstərə bilsək...
“Bakı”nın müdafiəçisi Aleksey Savinov azerisport.az saytına müsahibəsində “Neftçi” ilə oyundan, həmin matçdakı mübahisəli epizoddan və “altılıq” oyunlarından danışıb.
- “Neftçi” ilə oyunu necə dəyərləndirərdiz?
- Çox gərgin oyun oldu. Hesab edirəm ki, biz heç də məğlubiyyətə layiq deyildik. Qələbə qazanmalı idik. Meydana əla-əhval-ruhiyyədə çıxmışdıq. Oyunun əvvəlində öz səhvimizdən qapımızda qol gördük. Amma bütövlükdə layiqli oyun sərgilədik. İkinci hissədə bütünlüklə rəqibi üstələyə bilmişdik.
- Sizcə, Jaba qapıçı ilə üz-üzə qaldığı epizodda penalti var idi?
- Bilirsiz, artıq mən hakimlikdən danışmağa tənbəllik edirəm. Çoxlu danışılır, yazılır, ancaq heç nə dəyişmir. Hakimlikdən danışmaq istəmirəm.
- Hakim həmin epizodda penalti təyin etməliydi?
- Hamı artıq bu haqda danışmaqdan yorulub. Nə qədər olar axı! Aşkar görünürdü ki, hakim necə kobud səhvə yol verdi. Bütün bunlar Azərbaycan futbolunun ziyanınadı.
- Razısız ki, hər şeyə görə hakimləri günahlandırmaq da düz deyil?
- Əlbəttə, biz özümüz də qol vurmalıydıq. Öz qol vəziyyətlərimizdən yararlanmağa borclu idik. İkinci hissədə oyunda diqtə edən tərəf biz idik, ancaq qol vura bilmədik. Əgər qol vurmursansa, onda xalsız qalmağa məhkumsan. “Neftçi” ilə oyunda bizə qələbə lazım idi, onu da əldən verdik.
- Bu üzdən “Xəzər Lənkəran” da AZAL-a uduzdu...
- Məni maraqlandırmır kim, necə oynayır. İlk növbədə öz oyunlarımıza və xal ehtiyatımıza baxırıq. Çox təəssüf ki, belə oyunlarda xal itiririk. Bütövlükdə yaxşı görünürdük. Lakin indi artıq növbəti oyunları düşünmək lazımdı. Düşünürəm ki, hələ liderlər yenə xal itkisi ilə üzləşəcək. Başlıcası, bizə lazım olan nəticəni qazanmağımızdı.
- Qarşıda “Bakı”nı “Qarabağ”a uduzan “İnter” gözləyir...
- Deməli, onlar da maksimum gücünü qələbəyə qoyacaq. Əgər “Neftçi”yə qarşı sərgilədiyimiz oyunu göstərə bilsək, qələbə qazana bilərik. Bizə bu tempdə oynamağa davam etmək lazımdı. Prinsipcə, “altılıq” oyunlarının hamısı derbidi, xüsusi köklənməyə ehtiyac yoxdu.
- AZAL-ın XL üzərindəki qələbəsi sizin “altılıq”da sonuncu olmağınızın mümkünlüyünü də ortaya qoymuş oldu...
- Qarşıda hələ 9 tur var. Sona kimi mübarizəmizi davam etdirəcəyik. Bizim başqa çıxış yolumuz yoxdu.
