16 mart 2011 13:02
Qara Qarayev: Özümü heç də təcrübəsiz saymıram
“Qarabağ”ın, eyni zamanda millinin də müdafiəsinin sağ cinahının əvəzedilməzlərindən olan Maksim Medvedevin zədələnməsindən sonra baş məşqçi Qurban Qurbanov onun mövqeyini 18 yaşlı Qara Qarayevə tapşırdı. Azerisport.az xəbər verir ki, gənc müdafiəçi işinin öhdəsindən məharətlə gəlir. O, verdiyi açıqlamada “Qarabağ”dakı durumu, hədəfləri barəsində danışıb:
“Maksim zədələnəndən sonra Qurban müəllim mənə şans verməyə başladı. Hələ çempionatın ilk yarısında da eyni vəziyyət yaranmışdı. O zaman da start heyətində meydana çıxırdım. Oynadıqca həm təcrübə artır, həm də özünəinam yüksəlir. Deməzdim ki, özümü Maksimin əvəzləyicisi sayıram. İddialı komandanın geniş heyəti olmalıdı. Zədə, cəza vəziyyətlərinə hazır olmalıyıq. Bizim komandada oynamağa hazır 25-26 futbolçu var. Kimin əsas heyətdə oynamasının heç bir fərqi yoxdu. Kim meydana çıxırsa, “Qarabağ” üçün oynayır. Düzdü, komandada hamıdan gəncəm. Bəxtim gətirib ki, ətrafımda yüksək səviyyəli futbolçular çoxdu. Müdafiədə Rəşad Sadıqov, Admir Teli kimi yüksək səviyyəli futbolçulardan öyrənməyə çalışıram. Məndən əks cinahda olan Aqollinin hücumlara necə dəstək verməsinə fikir verirəm. Hələ yolun başındayam. Amma heç də özümü təcrübəsiz saymıram”.
Qara Premyer Liqanın final mərhələsi haqqında da ümidlidi: “8 oyundu qələbə qazanmağımız belə baxanda təəccüblü deyil. Payızda komandanın böhrana düşməsinin məlum səbəbləri vardı. Amma zamanla hər şeyin düzələcəyinə inanırdıq. Qarşıda bizi AZAL-la oyun gözləyir. Bu oyuna da eyni məqsədlə çıxacağıq. Rəqibin gücünü bilirik. Son oyunda bizi 2:0 məğlub etmişdilər. Çox çətin oyun olacaq. Son zamanlar müdafiədə inamlı təsir bağışlayırıq. İlk növbədə rəqibə qol vurmağa imkan verməməliyik. Bir qarabağlı olaraq “Qarabağ”ın uğur qazanmasına ikiqat sevinirəm. İnşallah, Premyer Liqanı “Qarabağ” ımıza layiq yerdə bitirərik”.
