16 mart 2011 15:00
Qurban Qurbanov: Mümkündü ki, biz də sabah hakim səhvindən danışaq
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov azerisport.az saytına müsahibəsində komandasının son dövrlərdəki uğurlu çıxışından danışıb, şanslarını dəyərləndirib, bombardirlik yarışına münasibətini bildirib.
- 8 oyunluq qələbə seriyasından sonra komandada eyforiya yoxdu ki?
- Yoxdu və çalışırıq ki, olmasın. Hər bir oyuna xüsusi yanaşırıq. İstisna deyil ki, hansısa oyunçularımızda belə arxayınlıq yaransın. Mümkün qədər belə şeylərdən qaçmağa çalışırıq.
- Rəşad Sadıqov qarşıdakı AZAL ilə oyunu mövsümün ən vacib görüşü adlandırıb...
- Həqiqətən çox vacib oyundu. Bu oyunda xal itirməsək, çox yaxşı olar. Çünki bu oyundan sonra iki həftəlik fasilə olacaq. Digər tərəfdən də liderlərin öz aralarında oynamasından yararlanmaq lazımdı.
- Yeri gəlmişkən, niyə Sadıqov komandanın kapitanı deyil?
- Hələ onun gəlişinə kimi biz kapitan kimi Rəşad Sadiqovu seçmişdik. O, artıq neçə illərdi komandamızdadı. Buna layiqdi.
- “Xəzər Lənkəran” – “Neftçi” matçından nə gözləyirsiz?
- Heç nə gözləmirəm. Hər iki komandanın kifayət qədər gücü var ki, qələbə qazansın. Hazırda biz daha çox AZAL ilə öz oyunumuzu düşünürük. Hansı ki, qələbə qazanmaq istəyirik.
- Yığmanın qarşıdakı növbəti təlim-məşq toplanışı hansısa təsirini göstərməyəcək ki?
- Hər bir baş məşqçi öz yetirmələrini yanında daha çox görmək istəyər. Hazırlıq proqramımızda ola bilər ki, bu təsirini göstərsin. Hər dəfə bu təsirin az olması üçün əlimizdən gələni edirik. Bizim başqa futbolçularımız da var ki, onlarla işləməli olacağıq.
- “Qarabağ” indi öz formasının zirvəsindədi?
- Xeyr, heç də formamızın pik nöqtəsində deyilik. Ümumiyyətlə, Premyer Liqanın heç bir klubu buna nail ola bilməz. Meydançaların vəziyyəti, hava şəraiti heç də bütün imkanları ortaya qoymağa yaramır. Öz komandama gəlincə, hələ kifayət qədər çatışmazlıqlarımız var ki, onların üzərində işləməyimiz lazımdı. Biz sadəcə bir neçə çətin oyunda qələbə qazanmışıq.
- Demək olar ki, hər tur ilk altılıqda qərarlaşan komandaların çalışdırıcıları hakim səhvlərindən şikayətləndirlər. Mümkündü ki, yaxın turlarda narazı klubların siyahısına “Qarabağ” da qoşulsun?
- Ümid edirəm ki, bu, baş verməyəcək. Baxmayaraq ki, bizim də oyunlarda hakim səhvləri olur. Sadəcə biz bunu qabartmağa ehtiyac duymuruq. Mən ümumiyyətlə hakimlərdən danışmağı sevmirəm. Hakimlərə təzyiq bizsiz də var. Bax elə buna görə onlar səhv etməkdən qorxurlar. Bu, onların işinə çox təsir edir.
- Klublar bu baxımdan nə etməlidi ki, elə xoşagəlməz məqamlar baş verməsin?
- Burda heç nə etmək olmaz. Premyer Liqada ambisiyalı klubların sayı çoxdu. Buna görə oyunlardakı gərginlik də çoxdu. Nə qədər güclü klub çox olsa, hakim səhvləri də bir o qədər çox olur. Mümkündü ki, biz də sabah hakim səhvindən danışaq.
- Yeri gəlmişkən, “altılıq”dakı ev oyunlarınızın Quzanlıda keçirilməsi sizə nə dərəcədə kömək edə bilər?
- Bu mərhələdə oyunların harda keçirilməsinin heç bir fərqi yoxdu. Başlıcası odu ki, komanda oyunun əhəmiyyətini anlasın. Baxmayaraq ki, Quzanlıda bizi daha möhtəşəm azarkeşlik gözləyir. Biz orda həm də təkcə özümüz üçün yox, xalq üçün, region üçün oynamış oluruq.
