16 mart 2011 16:08
Neftçi Böyük oyunun azarkeşlərinə müraciət etdi
“Neftçi” Premyer Liqanın 24-cü turu çərçivəsində Lənkəranda baş tutacaq “Xəzər Lənkəran”la “Böyük oyun” öncəsi azarkeşlərə müraciət ünvanlayıb. Azerisport.az xəbər verir ki, müraciətdə bunlar vurğulanıb:
“Azərbaycan kuboku uğrunda "Neftçi" və "Xəzər Lənkəran" komandaları arasında həm Bakıda, həm də Lənkəranda baş tutan görüşlər dostluq ab-havasında keçmişdi. Tofiq Bəhramov adına Respublika stadionunun və Lənkəran şəhər mərkəzi arenasının tribunalarına toplaşan hər iki komandanın azarkeşləri gərgin keçən matçın sonuna qədər komandalarına dəstək olmuşdular. Azarkeşlər stadionlarda möhtəşəm atmosfer yaratmışdılar. Martın 18-də ölkə Premyer Liqasında yenidən bu iki komandanın görüşü baş tutacaq. Bu dəfə hesabat turunun mərkəzi oyunu xalqımızın ən qədim bayramlarından olan Novruz bayramı ərəfəsində keçiriləcək. Ölkə çempionatının bəzəyi olan bu görüşə maraq böyükdür. Biz futbolsevərləri bu oyuna səsləməklə yanaşı, onlardan bu matçı əsl futbol və dostluq atmosferində keçməsi üçün əllərindən gələni etmələrini istəyirik. Ölkə futbolunun inkişafı üçün çalışan hər iki komandanın görüşləri Azərbaycanda əsl böyük futbol rəqabətinin yaşandığı oyunlardır, yaşıl meydanda güclü olan qalib gəlsin”.
