16 mart 2011 00:12
Yoahim Löv 2014-cü ilə kimi Almaniya yığmasında
Almaniya Futbol Federasiyası ölkənin yığma komandasına rəhbərlik edən baş məşqçi Yoacim Lövün sözləşməsini 2014-cü ilə qədər uzadıb. Azerisport.az xəbər verir ki, ölkə mətbuatı Lövün mövsümün sonunda “Bayern” (Münhen) klubuna baş məşqçi təyin olunacağına dair məlumatlar yaysa da, məhz belə müzakirələrə son qoymaq üçün federasiya rəhbərliyi onunla müqavilənin müddətini artırmağa qərar verib.
Alman çalışdırıcı ilə gələcəkdə bir çox uğurlara imza atacaqlarına inandıqlarını bəyan edən AFF prezidenti Teo Zvanger Lövlə yeni anlaşma barədə danışarkən bunları dilə gətirib: “Onunla qısa zaman kəsiyində anlaşma əldə edə bildik. Qarşılıqlı inam və hörmətə dayanan münasibətlərimizin bizi önümüzdəki Avropa Çempionatı və dünya birinciliyində uğura daşıyacağına da inanırıq”.
Maraq üçün qeyd edək ki, bundestimin baş məşqçisi özü də bu günlərdə “Bild” nəşrinə açıqlamasında müqaviləsinin yenilənməsi tələbini irəli sürmüşdü: “İşimə davam etmə ehtimalım çox yüksəkdi. Amma bunun üçün indidən hərəkət etmək lazımdı. Kimsə 2010-cu ildə olduğu kimi, DÇ ərəfəsində tələm-tələsik müqavilə bağlanılmasını istəməz. Almaniya Futbol Federasiyası ilə çox yaxşı işbirliyimiz var. Həm AÇ-2012, həm də növbəti dünya birinciliyinə çox böyük ümidlərimiz var və bu yolda əminliklə çalışırıq”.
Qeyd edək ki, Yoahim Löv 2006-cı ildə fəaliyyətə başladığı Almaniya millisini 2008-ci ildəki AÇ-nin finalına, DÇ-2010-un isə yarımfinalına çıxarmağı bacarmışdı.
