17 mart 2011 13:14
AFFA lisenziyalaşdırma ilə bağlı növbəti seminar keçirdi (FOTOLAR)
Bu gün AFFA-nın Futbol Akademiyasında UEFA-nın klub yarışlarında və Azərbaycan Futbol Premyer Liqasında iştirak etmək üçün UEFA-nın “Financial Fair Play qaydaları”nın 2012-2013-cü il lisenziyalaşdırma mövsümündən tətbiqi ilə əlaqədar olaraq, Premyer Liqa və birinci divizionda çıxış edən klubların Maliyyə və Lisenziyalaşdırma üzrə menecerləri üçün seminar keçirilib. Azerisport.az xəbər verir ki, AFFA-nın Lisenziyalaşdırma qrupunun rəhbər müavini İlqar Əliyev, Lisenziyalaşdırma qrupunun maliyyə meyarları üzrə eksperti Bəhram Dadaşov, Lisenziyalaşdırma qrupunun UEFA üzrə əlaqələndiricisi Nicat Hüseynovun iştirakı ilə keçirilən seminarda “Financial Fair Play” qaydalarının məqsədindən, tələblərindən və vacibliyindən danışıb.
Bundan başqa, maliyyə menecerlərinin vəzifəsi, fəaliyyət istiqaməti, maliyyə hesabatlarının şəffaf tərtib edilməsi, maliyyə meyarlarına edilmiş əlavə və dəyişikliklər barədə seminar iştirakçılarına ətraflı məlumat verilib, klub nümayəndələrinin sualları cavablandırılıb.
