17 mart 2011 17:52
İbrahim Banqura: Neftçi Lənkəranda açıq futbol sərgiləyə bilməz
“Xəzər Lənkəran”ın hücumçusu İbrahim Banqura azerisport.az saytına müsahibəsində qarşıdakı “Neftçi” ilə oyundan və Azərbaycan çempionatındakı hədəflərindən danışıb.
- Cümə günü bizi “Neftçi” və “Xəzər Lənkəran” arasında növbəti “Böyük oyun” gözləyir. Bu matçdan nə gözləyirsiz?
- Bu matçın necə vacib olduğunu hər kəs başa düşür. AZAL-a məğlubiyyətimizdən sonra “Neftçi” xal fərqini 4-ə çıxardı. Biz layiqli oyun sərgiləməklə onları məğlub etməyə və aradakı fərqi azaltmağa çalışacağıq. Buna görə də “Neftçi” üzərində qələbə bizim üçün çox vacibdi. Birinci yerlə aramızdakı xal fərqi belə olmamalıdı. Hər şeyi edəcəyik ki, qələbə qazanaq.
- Sizcə, AZAL-a məğlubiyyətin günahkarı kimdi?
- Biz maksimum gücümüzlə oynadıq. Sadəcə AZAL əla müdafiə oluna bilir. İstənilən komanda üçün onlara qarşı oynamaq çətindi. Onlar bütün oyunboyun müdafiə olunub, şanslarını gözləyirlər. Bakıda ən azı bir xalla qayıtmalı idik. Ancaq bəxtimiz gətirmədi.
- Ola bilər ki, Uinston Parksın yoxluğu sözünü dedi?
- Parks komandanın ən yaxşılarından biridi. O, klub üçün çox iş görür. Ancaq demək olmaz ki, onsuz oynamaq mümkünsüzdü. Komandamızda böyük rəqabət var. Əvəzedilməz futbolçu olmur.
- Sonuncu kubok qarşılaşmasında “Neftçi” ilə 1:1 bərabərə qaldınız ki, rəqib sizdən daha yaxşı təsir bağışlayırdı...
- Mən belə deməzdim. Sadəcə, biz ilk oyunda cütün taleyinə böyük ölçüdə aydınlıq gətirdiyimizdən cavab görüşünə sakit çıxmışdıq. Qarşıdakı oyunda da “Neftçi” sakit oynamağa çalışacaq. Axı onlar bizi 4 xal qabaqlayıb. Bu, onlar üçün az üstünlük deyil. Düşünmürəm ki, “Neftçi” Lənkərana qələbə dalınca gələcək. Uzaqbaşı heç-heçə üçün gələcəklər. “Neftçi” Lənkəranda açıq futbol sərgiləyə bilməz.
- “Neftçi”nin hansı xəttini xüsusi qeyd edə bilərsiz?
- Onlar müdafiədə çoxlu səhvlərə yol verirlər. Ona görə də deməzdim ki, “Neftçi”nin müdafiəsi yaxşı səviyyədədi. Amma hücum xətti çox yaxşı oynayır. Xüsusilə də Flavinyo. O, həm qol vəziyyəti yaradır, həm də vurur. Avropada sözünü demək istəyən komandadı. Ümumiyyətlə, “Neftçi”nin oyunçuları əla top saxlaya bilirlər, rəqib üçün çoxlu problem yaradırlar. Hər şeyə rəğmən bizi cümə günü ancaq qələbə qane edəcək.
- Siz əminsiz ki, “Xəzər Lənkəran” ilk altılıqdakı bütün oyunlarını qələbə ilə başa vura biləcək?
- “Altılıq” oyunları bir imtahandı. Biz üzərimizdə çox çalışırıq ki, daha yaxşı oyun sərgiləyək. Baş məşqçi Mirça Rednik hər oyun nəsə axtarır. Biz bilirik ki, çempion olmaq çətin başa gələcək. Ancaq qarşımıza belə çətin vəzifə qoymuşuq ki, layiqli oyunumuzla və azarkeşlərimizlə ona nail olaq.
- Sizcə, ilk altılıqdakı hansı komandalara qarşı oynamaq daha çətindi?
- Hələlik, mən AZAL, “Neftçi” və “İnter”ə qarşı oynamışam. Hesab edirəm ki, bu komandalardan AZAL da çətin rəqibdi. Onlar dediyim kimi, çox yaxşı müdafiə olunurlar. “İnter” də yaxşı müdafiə olunur, əla hücumlar qurur. Onlara qalib gəlsək də, güclü komanda olduqları görünürdü. “Qarabağ” və “İnter”ə qarşı oynamamışam və nəsə deyə bilmərəm.
