17 mart 2011 11:54
Rəşad Abdullayev: Lənkərana heç-heçə üçün getmirik
“Neftçi”nin yarımmüdafiəçisi Rəşad Abdullayev sabahkı “Xəzər Lənkəran”la prinsipial qarşılaşma ərəfəsində azerisport.az saytının suallarını cavablayıb.
- “Xəzər Lənkəran”la oyuna hazırlıqlarınız necə gedir?
- Normal. Ciddi itkimiz yoxdu. Komandadakı atmosfer də yaxşıdı. Xüsusilə “Bakı” üzərindəki vacib qələbədən sonra. Ancaq bütün fikirlər qarşıdakı oyuna yönəlib.
- Lənkəranda bu dəfə necə oynamağa hazırlaşırsız?
- Son matçda necə oynamışdıqsa, elə. Biz az səhvə yol verdik. Onlar isə bunu gözləmirdilər. Bu dəfə də elə etməyə çalışacağıq. Onlara heç-heçə sərf etməyəcək.
- Deməli, rəqib nisbətən aqressiv taktikaya üstünlük verəcək?
- Biz heç vaxt oyunumuzu rəqibə uyğun qurmuruq. Bizim öz oyun üslubumuz var. Çox şey oyuna necə başlamaqdan asılıdı. Əgər biz erkən qol vura bilsək, öz oyunumuzu sərgiləmək daha asan olacaq. Ancaq bir şey dəqiqdi ki, XL-la oyunda biz yaradıcı oyun göstərməyəcəyik.
- “Neftçi” artıq iki ilə yaxındı prinsipial rəqibinə qalib gələ bilmir. Bu komandaya qarşı sindromunuz var?
- Bu, mənim “Neftçi”dəki ilk mövsümümdü. Biz uzun müddət idi onlara qol da vura bilmirdik. Kubok qarşılaşmasında biz həmin sindroma son qoyduq. İndi daha vacib olanı qalır ki, bu da Lənkərandan qələbə ilə dönməyimizdi.
- Son turun nəticələrindən və turnir cədvəlindəki hazırkı vəziyyətdən görmək olur ki, “Neftçi”ni heç-heçə də qane edir...
- Əlbəttə, bizi heç-heçə də qane edir. İstənilən halda səfərdə oynayırıq. Həm də onu da nəzərə almaq lazımdı ki, bizim onlarla ev oyumuz da qalır. Bizim xal ehtiyatımız pis deyil. Buna baxmayaraq, biz Lənkərana heç-heçə üçün getmirik. Qələbəyə oynayacağıq.
- Yeri gəlmişkən, “Qarabağ” sizi qorxutmur? Ağdamlılar da yaxınlaşır...
- Mən hələ öncədən də demişdim ki, “Qarabağ” ən yüksək yerlər uğrunda mübarizə aparacaq. Ötən mövsüm onların müəyyən çətinlikləri oldu. Hətta buna rəğmən onlar heç də pis oynamadılar. Ancaq biz bu rəqibimizdən qorxmuruq. Sadəcə hörmət edirik.
- Bu komandaların hansından daha çox ehtiyat edirsiz?
- İki ciddi və müxtəlif rəqibdi. XL güc futboluna üstünlük verən komandadı. Bur növ qeyri-Azərbaycan futbolu sərgiləyir. Uzun ötürmələri çox sevirlər. “Qarabağ” isə əksinə. Onlar özləri də oynayır, rəqibə də oynamağa imkan verirlər. Bu üç komanda arasında ciddi mübarizə olacaq. İstisna deyil ki, 24-cü turda ağdamlılar XL-ı qabaqlasın.
