18 mart 2011 00:38
Tuyqun Nadirov: Mirça Redniklə uğur qazanacağımıza inanırıq
“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov Premyer Liqanın 24-cü turunun bu gün keçiriləcək “Neftçi” ilə oyunu ərəfəsində azerisport.az saytının suallarını cavablandırıb.
- “Neftçi” ilə oyuna hazırlıqlar necə gedir?
- Adi qaydada. Artıq bütün təşkilati işlər başa çatıb. Rəhbərlik hər şeyi edir ki, “Böyük oyun” əls bayram əhval-ruhiyyəsində keçsin. Oyun Novruz bayramı ərəfəsində baş tutacaq. Buna görə də stadiona gələcək azarkeşlər gözəl oyun gözləmiş olacaq. Ümid edirəm ki, tamaşaçıların gözləntiləri özünü doğruldacaq. Həmişəki kimi, təhlükəsizliyə xüsusi diqqət ayırmışıq. “Xəzər Lənkəran”ın oyunlarına adətən 10 min bilet sifariş olunur. Amma “Neftçi” ilə oyunlarda daim anşlaq olur.
- Bəs azarkeşlərin təhqir dolu plakatlarının, söyüşlərinin qarşısını almaq baxımından nə etmək olar?
- Biz onlarla daim iş aparırıq. Əlbəttə, biz plakatlara, şüarlara qarşı heç nə edə bilmərik. Sadəcə hər kəsə başa salmağa çalışırıq ki, onların plakatlarında, şüarlarında qeyri-etik ifadələrə yol verilməməlidi. Əsas meydandakı idman mübarizəsidi. Fanatlar da başa düşür ki, bir-birlərinə hörmət bəsləməlidilər. Biz hər şeyi edirik ki, Böyük oyunlar zamanı hansısa xoşagəlməz olaylar yaşanmasın. Hesab edirəm ki, XL və “Neftçi” arasındakı bu dəfəki qarşılaşma yüksək səviyyədə keçəcək.
- Bu günlərdə “Neftçi” də azarkeşlərə oxşar müraciət ünvanlayıb...
- Bizim “Neftçi” rəhbərliyi ilə bu yöndəki baxışlarımız eynidi. Bəli, meydanda biz rəqibik. Amma hər iki klub Azərbaycan futbolunun inkişafı üçün çalışır. Buna görə də azarkeşlər belə böyük bayramı korlamamalıdı. “Altılığ”ın bütün oyunları maraqlıdı. Ancaq “Neftçi” ilə oyunlar çempionatın əsas xörəyidi. Hər iki klub ancaq ona çalışır ki, bu qarşılaşmalar insidentsiz başa çatsın. Güclü olan qalib gəlsin.
- AZAL-a məğlubiyyət haqda nə deyərdiz?
- Biz bunu gözləmirdik. Ola bilər ki, futbolçular arxayınlaşmışdı. Kamran Ağayev, Uinston Parks oyanmırdı. Bu da görüşün nəticəsinə təsirsiz ötüşmədi. Əminəm ki, məşqçilər korpusu müvafiq analizlər aparıb, nəticə çıxarıblar. Biz baş məşqçimiz Mirça Redniki dəstəkləyirik və ona inanırıq. Əminik ki, onunla uğur qazanacağıq. “Altılıq”da heç kim öncədən deyə bilməz ki, biz uduzmayacağıq. Qarşıda hələ 9 tur var.
- “Neftçi” ilə xal fərqiniz 4-ə qalxıb...
- Bu görüş çox şeyi həll edəcək, amma hər şeyi yox. Futbolçular da başa düşür ki, fərqi minimuma endirmək lazımdı. Buna görə də qələbə üçün hər şeyi edəcəyik. XL hər oyuna 3 xal üçün çıxır. Çox istərdik ki, hakimlər görüşün nəticəsinə təsir edən səhvə yol verməsin. Güclü olan komandanın qalib gəlməsini istəyirik.
- Ancaq siz hakimlərin oyunundan çox narazısız...
- Hakimlərdən təkcə XL narazı deyil. Mətbuatdan da görmək olur ki, “altılığ”ın bütün klubları onların işindən narazıdı. Hamı gördü ki, Əfqan Həmzəyev “Bakı” – “Neftçi” matçında nələr etdi? Məgər onun səhvi nəticəyə təsir etmədi? Həmin epizodda 100 faizli penalti var idi. Yaxud “Neftçi” ilə ilk kubok oyunumuzda olsun. Bütün bunlar futbolumuzun inkişafına təsir göstərir.
