18 mart 2011 15:18
MY ÇL-də Chelsea`yə rəqib oldu (YENİLƏNİB)
Bu gün UEFA Çempionlar Liqasında 1/4 final, eləcə də yarımfinal mərhələlərinin püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, qitənin 8 ən güclü klubu finala gedən yoldakı rəqiblərini məhz bu gün tanımış olub.
İsveçrənin Nyon şəhərində baş tutan tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayıb. Qeyd edək ki, artıq bu mərhələdən etibarən komandaların hamısı bir-birinə rəqib olmaq imkanına malik idi. Yəni “kor püşk” 3 klubla təmsil olunan ingilisləri, eləcə də 2 klubla təmsil olunan ispanları üz-üzə qoya bilərdi. Bu baxımdan xüsusilə “Real” və “Barcelona” kimi əzəli rəqiblərin bir-birinə rəqib olub-olmayacağı maraqla gözlənilirdi. Lakin "kor püşk" ispanları yox, İngiltərə nəhənglərini üz-üzə qoydu. Belə ki, "Chelsea" ilə MU növbəti mərhələdə məhz bir-biri ilə qarşılaşacaq.
Qeyd edək ki, aşağıdakı cütlüklərin hamısında adları birinci göstərilən komandalar ilk oyunu evdə keçirəcək.
Çempionlar Liqasının 1/4 finalında aşağıdakı cütlər qarşılaşacaq:
1. Real Madrid (İspaniya) - Tottenham (İngiltərə)
2. Chelsea (İngiltərə) - Manchester United (İngiltərə)
3. Barcelona (İspaniya) - Shakhtar (Ukrayna)
4. Inter (İtaliya) - Schalke (Almaniya)
Yarımfinal cütləri isə belə olacaq:
4-cü cütün qalibi - 2-ci cütün qalibi
1-ci cütün qalibi - 3-cü cütün qalibi
Qeyd edək ki, Çempionlar Liqasının 1/4 finalında ilk maçlar 5-6 aprel, cavab qarşılaşmaları isə 12-13 aprel tarixlərində keçiriləcək. Yarımfinalda ilk matçlar 26-27 aprel, revanş görüşləri isə 3-4 mayda oynanılacaq. Final matçı isə 28 may tarixində Londondakı “Uembli” stadionunda baş tutacaq.
