18 mart 2011 16:42
Şensoy: Foqtsun ona diqqət yetirməsini istərdim
Premyer Liqanın 24-cü turunda "Turan" doğma meydanda MOİK-i minimal hesabla məğlub edərək növbəti 3 xalı aktivinə yazdı - 1:0. Azerisport.az xəbər verir ki, qarşılaşmadan sonra komandaların baş məşqçiləri görüşlə bağlı bunları dilə gətirib:
Ramil Əliyev, MOİK-in baş məşqçisi: "Novruz bayramı münasibəti ilə hamınızı təbrik edirəm. Yaxşı oyunun şahidi olduq. Qarşılıqlı hücumlar şəraitində keçən oyun oldu. "Turan" öz imkanlarından istifadə etdi, biz isə məğlub olduq. Qol vura bilməyən komanda qalib ola bilməz. “Turan”a uğurlar arzulayıram".
Naci Şensoy, "Turan"ın baş məşqçisi: "Bu gün 3 xal üçün oynadıq. Qalib gəldiyimiz üçün şadam, futbolçularımı təbrik edirəm. Azarkeşlər, həmişə kimi, komandanı ürəkdən dəstəklədi. İlk 20 dəqiqəni istədiyimiz kimi oynaya bilmədik. MOİK çox yaxşı komandadı. Hər matçda öz oyunlarını göstərirlər. Milli komandanın baş məşqçisi Berti Foqtsun Vurğun Hüseynova yaxşı formada olduğuna diqqət etməsini istərdim".
