19 mart 2011 00:02
Neftçi Lənkəranda 2 əzəli rəqibini öz izləyicisinə çevirdi
Premyer Liqanın daha bir turu arxada qaldı. Azerisport.az xəbər verir ki, final mərhələsinin 2-ci, cari mövsümün 24-cü turu ilk növbədə liderlər qrupundakı mübarizənin daha da gərginləşməsi ilə yaddaqalan oldu.
Məlum olduğu kimi, milli komandamız martın 29-da AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Belçika ilə qarşıdalaşacaq. Məhz bu görüşə hazırlıq üçün daha çox vaxt qazanmaq məqsədi ilə Premyer Liqanın hesabat tur bir qədər önə çəkilmişdi. Nəticədə tur hələ cümə axşamı günü “Muğan”- “Qəbələ” görüşü ilə start götürdü. Hansı ki, ikinci altılığın liderləri hesab olunan komandaların duelinə maraq heç də az deyildi. Axı rəqibindən cəmi iki xal geri qalan Salyan klubu ev matçında qələbə qazanmaqla, zirvəni ələ keçirə bilərdi. “Qəbələ” isə məhz bu rəqibinə uduzaraq ilk altılıqdan kənar qalmışdı və qisasını almağa çalışırdı. Maraq üçün xatırladaq ki, təsnifat mərhələsində evdə keçirilən oyunda 2:0 hesablı qələbəyə sevinən Toni Adamsın komandası cavab görüşündə minimal hesablı məğlubiyyətlə üzləşmişdi. Lakin bu dəfə hesabı açan meydan sahibləri olsa da, sonda 3 xal məhz Adamsın yetirmələrinə qismət oldu və əzmkar qələbə qonaqları autsayderlər qrupunun zirvəsində saxladı.
Hesabat turunun qalan bütün 5 oyunu isə cümə gününə təsadüf etdi. İkinci altılıqda qərarlaşan digər komandalardan sonuncu pillədə qərarlaşan MOİK səfərdə “Turan”ın qonağı oldu. Təhlükəli zonadan uzaqlaşmağa çalışan Tovuz klubu dogma azarkeşlərinin gözü qarşısında keçirilən qarşılaşmadan itkisiz ayrılmaq istəyirdi ki, buna da nail oldu. Təsnifat mərhələsindəki görüşlərin hər ikisində 2 cavabsız qolla qələbə qazanan Naci Şensoyun komandası bu dəfə 3 xalı cəmi qolla əldə etmiş oldu.
Digər autsayder “Simurq” isə səfərdə “Gəncə”nin qonağı oldu. Qyoko Haciyevskinin komandası cari mövsüm çox uğursuz çıxış etsə də, gəncəlilər üçün əsl başağrı idi. Fuad İsmayılovun yetirmələri ilk dövrədəki ev oyununda bu rəqibi ilə 1:1, səfərdə isə 0:0 hesablı heç-heçəyə razılaşmaq məcburiyyətində qalmışdı. Maraqlıdı ki, bu dəfə də “Simurq” gəncəlilər üçün böyük problem yaratdı. Avtoqol sayəsində önə keçən qonaq komanda sona kimi qələbə hesabını qoruyub saxlayaraq sonda rəqib komandanın baş məşqçisini istefa verməyə məcbur etdilər. Beləliklə, Fuad İsmayılovun gedişi nəticəsində “Gəncə”də Mehman Allahverdiyev erasına başlanğıc verilmiş oldu.
İlk altılıq oyunlarına gəlincə, öncə paytaxt derbisindən başlayaq. “İnter” – “Bakı” görüşü məğlubların dueli kimi də qiymətləndirilə bilərdi. Cari mövsüm heç də uğurlu çıxış etməyən “zolaqlılar” hələ sabiq baş məşqçi Vinfrid Şeferin vaxtında qarşılaşdığı bu rəqiblə duellərdə məğlub olmuşdu – 0:1 və 1:2. Lakin Aleksandr Starkovun gəlişindən sonra simasını dəyişən paytaxt klubu derbidə son çempiondan qisas almaq əzmində idi. Elə matçda hesabı məhz onun yetirmələrinin açması da təsadüfi deyildi. Lakin son dövrlərdə işləri qaydasında getməyən son çempion bu dəfə də məğlub olacağı halda Kaxaber Sxadadzenin krelosu laxlaya bilərdi. Maraqlıdı ki, onun xilaskarı komandadan qovmaq istədiyi, amma sonda rəhbərliyin qərarı ilə saxladığı Robertas Poşkus oldu. Qeydə alınan heç-heçə isə demək olar ki, tərəflərdən heç birinə sərf etmədi.
Daha bir prinsipial duel son 8 oyununda arıdıcıl qələbə qazanan “Qarabağ”la son turda “Xəzər Lənkəran”ı məğlub etmiş AZAL arasında baş tutdu. Nazim Süleymanovun komandası cari mövsüm Ağdam klubu üçün əsl başağrı idi. Ev oyununda 2 cavabsız qolla qələbə qazanan “təyyarəçilər” səfər matçında da qolsuz heç-heçəyə imza atmışdı. Məhz bu üzdən Qurban Qurbanovun komandası mütləq bu dəfəki qarşılaşmada qələbə qazanmaqla, seriyasını da 9-a çatdırmaq istəyirdi. Axı qazanılan qələbə ağdamlıları ikinci pilləyə də yüksəldə bilərdi. Elə “Qarabağ” XL-ın məğlub olmasını arzuladığı kimi, AZAL da “İnter”in “Bakı”ya yenilgisini arzulamaqla, 3 xal qazanıb, 1 pillə irəliləməyi hədəfləmişdi. Ağdamlılar minimal hesablı qələbə ilə demək olar ki, bütün arzularına çatdı. Çünki özü 3 xalını qazanıb, ikinci pilləyə çıxdığı kimi, “Böyük oyun”dan da sərfəli nəticə xəbəri aldılar.
Şübhəsiz bütün futbolsevərlərin diqqəti turun mərkəzi görüşünün keçirildiyi Lənkərana yönəlmişdi. Axı zirvədəki mövqeyini qorumaq uğrunda mübarizə aparan “Neftçi” səfərdə əsas izləyicisi “Xəzər Lənkəran”ın qonağı idi. Ötən tur AZAL-a uduzmaqla vəziyyətini pisləşdirən cənub təmsilçisi yaranmış 4 xallıq fərqi dogma meydanda keçiriləcək qarşılaşmada qələbə qazanmaqla aradan qaldırmağı hədəfləyirdi. Hansı ki, təsnifat mərhələsindəki ev oyununda buna nail ola bilmişdi – 1:0. Bu komandalar arasındakı Bakıda baş tutan cavab görüşündə qapılara qol vurulmasa da, kubok matçlarında tam fərqli nəticələr qeydə alınmışdı. Məlum olduğu kimi, ölkə kubokunun 1/4 finalında bu iki komanda üz-üzə gəldi və səfərdə keçirilən ilk oyunda əzəli rəqibi ilə oyunda 4:3 hesablı möhtəşəm qələbə qazanan cənublular cavab görüşündəki 1:1 hesablı heç-heçə ilə “Neftçi”ni mübarizədən kənarlaşdırmışdı.
Göründüyü kimi, cari mövsüm 4 dəfə üz-üzə gəlmiş tərəflərin mübarizəsində 2 qələbəsi olan “Xəzər Lənkəran” digər oyunlardakı heç-heçə sayəsində də üstünlüyə malik idi. Lakin Premyer Liqada “Neftçi” hələlik onlar üçün əlçatmaz idi və son qarşılaşmanın bu baxımdan nə kimi dəyişikliyə səbəb olacağı maraq doğururdu. “Neftçi” isə isəfərdə qələbə qazanıb, “6 xallıq” üstünlük əldə etməyə çalışmaqla yanaşı, ən azı heç-heçə edib, hazırkı üstünlüyünü qorumağı hədəfləyirdi. Hər halda heç-heçə Mirça Rednikin komandasından daha çox Arif Əsədovlu “ağ-qaralar”ın işinə yarayacaqdı. Digər tərəfdən bakılılar həm də kubokdakı uğursuzluğun əvəzini çıxmağa çalışırdı.
Hər halda gərgin və maraqlı mübarizənin sonunda tərəflər hərəyə 1 qol vurub, 1 xalla təsəlli tapdı. Hansı ki, bu nəticə daha çox qonaq komanda üçün sərfəli oldu. Bu nəticəyə sevinən daha bir komanda da oldu ki, bu da “Qarabağ”dı. Axı Ağdam klubu şəxsi oyunlardakı üstünlüyünə görə xalları eyni olsa da, artıq XL-ı qabaqlayır. İndi “Neftçi”ni bir yox, iki əzəli rəqibi izləmiş olacaq.
Premyer Liqanın 25-ci turunun oyunları:
2 aprel (şənbə) - Bakı – Xəzər Lənkəran, MOİK – Muğan, Qəbələ – Gəncə; 3 aprel (bazar) - AZAL – İnter, Neftçi – Qarabağ, Simurq – Turan.
Birinci altılıq
|
1
|
Neftçi
|
24
|
15
|
7
|
2
|
42-10
|
52
|
|
2
|
Qarabağ
|
24
|
15
|
3
|
6
|
33-14
|
48
|
|
3
|
XL
|
24
|
14
|
6
|
4
|
29-14
|
48
|
|
4
|
İnter
|
24
|
12
|
5
|
7
|
25-19
|
41
|
|
5
|
AZAL
|
24
|
10
|
9
|
5
|
28-17
|
39
|
|
6
|
Bakı
|
24
|
9
|
7
|
8
|
29-23
|
34
|
İkinci altılıq
|
1
|
Qəbələ
|
24
|
9
|
8
|
7
|
22-16
|
35
|
|
2
|
Muğan
|
24
|
8
|
6
|
10
|
18-26
|
30
|
|
3
|
Gəncə
|
24
|
5
|
9
|
10
|
23-29
|
24
|
|
4
|
Turan
|
24
|
5
|
6
|
13
|
19-35
|
21
|
|
5
|
Simurq
|
24
|
3
|
6
|
15
|
14-37
|
15
|
|
6
|
MOİK
|
24
|
1
|
4
|
19
|
7-49
|
7
|
Bombardirlər:
15 - Bahodir Nasimov (Neftçi)
12 - Georgi Adamiya (Qarabağ)
10 - Rauf Əliyev (Qarabağ)
9 - Junivan Suares (Gəncə), Qvidas Yuska (AZAL).
