19 mart 2011 14:52
Kamran Ağayev: Məni sevindirən o oldu ki, hakim obyektiv idi
“Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayev “Neftçi” ilə son oyunun (1:1) ardından azerisport.az saytına müsahibəsində narazılıqlarının səbəbini dilə gətirib.
- Bu günkü oyunla bağlı fikirlərini bilmək istərdik…
- Komanda meydana qələbə üçün çıxmışdı. Liderlə xal fərqini azaltmaq istəyirdik. Məni sevindirən o oldu ki, hakim oyunu obyektiv idarə etdi. Qoy deməsinlər ki, Fariz Yusifov bizə kömək etdi. Əgər belə olsaydı, onda o, elə birinci hissədə də top “Neftçi”nin oyunçusunun əlinə dəyəndə penalti təyin etməliydi.
- Bəs “Neftçi”ni məğlub etməyinizə nə mane oldu?
- Sadəcə alınmadı, vəssalam. Burda heç nə etmək olmaz. Rəqib yaxşı müdafiə olundu. Bizim əlavə qol vurmaq imkanlarımız da oldu. Hər halda bakılılar gördülər ki, biz necə futbol oynaya bilirik. Ən azı ikinci hissədə göstərdiyimiz oyunla.
- Buraxılan qolda özünüzü günahkar hesab edirsiz?
- Yox, belə topları çıxarmaq çox çətindi. Amma əgər bizə qol vurublarsa, deməli mənim də günahım var. Ədalət naminə onu da qeyd etmək lazımdı ki, Rodriqinyonun zərbəsi yaxşı alınmışdı.
- Son vaxtlar sizi meydandakı emosionallığınıza görə çox günahlandırırlar...
- Məni tanıyanlar hamısı bilir ki, qətiyyən lovğa deyiləm. Sadəcə sakit durub baxmağım da mümkünsüzdü. Mən həmin futbolçuyam ki, Mahmud Qurbanovla bir otaqda yaşamışam. Bu, çox şey deməkdi.
- “Neftçi” ilə oyundan sonra nə baş vermişdi ki, siz elə narahat idiniz?
- Mən başa düşmürəm ki, “Neftçi”nin legionerləri özlərini niyə belə aparırlar? Meydanda çox əsəbləşirəm. Klubun prezidenti Sadıq Sadıqova çox hörmətlə yanaşıram. Əks halda hər şey başqa cür olardı. Onların hərəkətləri qətiyyən düzgün deyil. “Neftçi”nin bəzi oyunçularının hərəkətlərinə göz yummaq olmur. Biz öz legionerlərimizə hər şeyi başa salırıq.
