19 mart 2011 15:28
Futbolumuzun 100 illik yubiley tədbirlərinə start verildi (FOTOLAR)
Bu gün “Şəfa” stadionunun əsas meydançasında jurnalistlərdən və polislərdən təşkil olunmuş komandalar arasında yoldaşlıq oyunu keçirilib. Azerisport.az xəbər verir ki, qarşılaşma Azərbaycan futbolunun 100 illik yubileyi münasibətilə tədbirlər planı çərçivəsində Mətbuat Şurası ilə Bakı Futbol Federasiyası tərəfindən təşkil olunub.
FİFA referisi Vüsal Əliyevin idarə etdiyi oyun 5:4 hesabı ilə polislərdən təşkil olunmuş komandanın xeyrinə başa çatıb. Qarşılaşma başa çatdıqdan sonra komandaların üzvlərinə AFFA-nın, Bakı Futbol Federasiyasının, Mətbuat Şurasının, Daxili İşlər Nazirliyinin, Azəri-Press Agentliyinin (APA) və İctimai Televiziyanın mükafatları verilib. Mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, daxili işlər nazirinin müavini Əsgər Ələkbərov, Mətbuat Şurasının sədri Əflatun Amaşov təqdim ediblər. Jurnalistlərdən ibarət komandaya Bakı Futbol Federasiyasının, polislərdən təşkil edilmiş komandaya isə Mətbuat Şurasının xatirə kuboku təqdim olunub. Hər iki komanda Novruz xonçası ilə də mükafatlandırılıb.
