21 mart 2011 11:35
Rauf Əliyev: Premyer Liqanın bütün klublarından təkliflər var
“Qarabağ”ın hücumçusu Rauf Əliyev azerisport.az saytına müsahibəsində komandasının Premyer Liqadakı, özünün isə milli komandamızdakı işlərindən danışıb.
- AZAL ilə son oyun haqda nə deyə bilərsiz?
- AZAL-a qarşı oynamaq istənilən komanda üçün çətindi. Biz də istisna deyilik. Digər klublarla müqayisədə AZAL-ın müdafiəsi çox güclüdü. Ancaq başlıcası odu ki, biz bu dəfə də 3 xala sahib çıxa və qələbə seriyamızı 9-a çatdıra bildik.
- Son oyunlarda “Qarabağ”ın heyətində bir qayda olaraq siz və Georgi Adamiya qol vurursuz. “Təyyarəçilər”lə görüşdə gürcü yenə fərqləndi, amma siz yox...
- Ən əsası komandamızın qələbə qazanması idi. Mənim və ya başqasının qol vurması isə elə də vacib deyil. Bizim üçün hər şeydən vacib olan lazımı 3 xalı qazanmaq və turnir cədvəlində mövqeyimizi daha da möhkəmləndirmək idi.
- Son zamanlar siz “artırmısız”. Mövsümün sonuna kimi belə davam edə biləcəksiz?
- Ümid edirəm ki, yaxşı oynayacam. Qarşıdakı oyunlarda daha çox qol vurmağa çalışacam. Və çox istərdim ki, yığma komandamızın da heyətində fərqlənim.
- Digər klublardan təkliflər alırsız?
- Əgər sırf Azərbaycan klublarından söhbət gedirsə, demək olar ki, çempionatın bütün komandalarından transfer təklifləri olur. Xarici klublardan dəvətlərə gəlincə, hələ elə də ciddi bir təklif olmayıb.
- “Qarabağ” üçün bu mövsüm hansı daha vacibdi: çempionatı qazanmaq yoxsa sadəcə avrokuboklara vəsiqə qazanmaq?
- Həmişə olduğu kimi, bizim başlıca vəzifəmiz avrokuboklara vəsiqə qazanmaqdı. Düzdü, bu il çempionluğa da şansımız var. Ancaq öncədən nəsə demək istəməzdim. Hər halda çempionatın qalibi ola bilsək, bu, bizim üçün daha müsbət nəticə olacaq. Allah eləsin ki, qızıl medalları qazancaq.
- Artıq tezliklə milli komandanın düşərgəsinə yollanacaqsız. Qarşıdakı Belçika ilə oyun üçün proqnozunuz?
- Məncə, bu haqda indidən danışmaq hələ tezdi. Yalnız hazırlıq prosesindən sonra nəsə proqnoz vermək olar. Ancaq əlbəttə, Belçikada bir xal qazansaq, heç də pis olmazdı.
