23 mart 2011 16:07
Borisov: Yuxarıda otursaydım, bunu həll edərdim
“Araz” futzal klubunun və yığma komandamızın oyunçusu Vitali Borisov azerisport.az saytına müsahibəsində növbəti çempionluq titulunu qazanmaq istəklərindən, “Azərkolab” üzərindəki böyük hesablı qələbədən və komandanın gücləndirilməsindən danışıb.
- “Neftçi” sizinlə gərgin mübarizəyə girişib. Onları yolunuzdan kənarlaşdıra biləcəksiz?
- Rəqibimiz əla forma yığıb. Bizə qarşı layiqli mübarizə aparırlar. Martın 26-da ən güclünü müəyyənləşdirmək imkanımız olacaq. Bizi hətta heç-heçə də qane edir. Ancaq hər halda bu mövsüm daha bir görüşümüz olacaq.
- Son turda “Araz” “Azərkolab”ı 54:4 hesabıyla məğlub etdi. Siz bu qolları vuranda rəqib nə işlə məşğul idi?
- Fikrimcə, hesab hər şeyi deyir. Bu, yeni yaranmış komandadı, oyunçuları təzəcə bir araya gəlib. Yəqin ki, hələ hazır deyillər. Komanda gənclərdən qurulub. Oyunçularının əksəri həvəskarlardı. Futzal onlar üçün hobbidi. Futzala istirahət kimi yanaşırlar.
- Belə nəticənin nə vaxtsa olduğunu xatırlayırsız?
- Ötən mövsüm ya da ondan əvvəlki mövsüm olardı – “Ekol” “Saray” komandasında 60-dan çox qol vurmuşdu.
- Belə oyunlar nə verir?
- Ancaq üç xal. Başqa heç nə.
- Həvəskar komandaların ölkə çempionatında çıxışı nə dərəcədə ciddi addımdı?
- Bu sual artıq mənə verilməməlidi. Bu komandalar çempionata buraxılıbsa, deməli onlarda hər şey qaydasındadı. Bunu mən həll etmirəm.
- Əgər siz həll edə bilsəydiz, belə komandaları çempionata buraxardız?
- Bu haqda danışmaq istəmirəm. Əgər yuxarıda otursaydım, həll edərdim.
- Avropa çempionatına hazırlıqlara başlamısız?
- Hələ tezdi. Çatdırarıq. Hazırda ancaq çempionat barədə düşünürük. Yəqin ki, yayda başlarıq.
- Komandanı gücləndirmək baxımından yeniliklər var?
- Artıq bizə iki braziliyalı gətirilib. Pis oyunçu deyillər. Ancaq mən bilmirəm onlar Azərbaycan yığmasına cəlb olunacaq, ya yox?
- Sizcə, milli komandanı ancaq legionerlərlə gücləndirmək lazımdı?
- Komandanı gücləndirmək lazımdı, ancaq mütləq legionerlərlə yox. Bizim kifayət qədər yerli futzalçılarımız da var. Sadəcə onlarla il boyu yaxşı hazırlıq keçmək lazımdı.
