24 mart 2011 15:05
Qvidas Yuşka: Mən azərbaycanlı futbolçular kimi deyiləm
AZAL-ın forvardı Qvidas Yuşka azerisport.az saytına müsahibəsində komandasının qeyri-sabit çıxışından, qarşıdakı oyunlardan və öz susqunluğundan danışıb.
- Komandanızın həlledici mərhələyə qeyri-sabit oyunla başlamasını nə ilə izah edərdiz?
- Bizim ilk oyunumuz “Xəzər Lənkəran”a qarşı oldu və pis alınmadı. Bir az da bəxtimiz gətirdi və 1:0 hesablı qələbəyə qazandıq. “Qarabağ”a qarşı da normal oyun sərgilədik. Ancaq həmin oyunda bəxtimiz gətirmədi. Bir səhvə yol verdik ki, o da penalti nəticəsində qola gətirib çıxardı. Ondan sonra dönüş yaratmaq çətin idi.
- Həmin penalti bir qədər mübahisəli idi...
- Heç mən də dəqiq bilmirəm, orda qayda pozuntusu var idi, ya yox. Bunu bizim qapıçımız və ağdamlıların hücumçusu daha dəqiq deyə bilər.
- Bütövlükdə komandanızın çıxışını necə dəyərləndirərdiz?
- Nə çox pis, nə də çox yaxşı deyil. Baxaq görək bundan sonrası necə olacaq? Bizi qarşıda “İnter”lə çox çətin oyun gözləyir. Bax həmin oyunda çox şeyə aydınlı gələ bilər.
- Məğlub olsanız, necə olacaq?
- Məğlub olsaq, demək olar ki, medallar uğrunda mübarizədən kənar qalmış olacağıq. Heç-heçə 4-cü yerə şansımızı saxlamış olacaq, bir az da bəxtimiz gətirsə, 3-cü yerə. Ancaq bu görüşdə qələbə qazanıb, öz gücümüzə ümid bəsləməyimiz lazımdı.
- “İnter”lə ölkə kubokunun yarımfinalında da qarşılaşacaqsız...
- “Bankrilər”lə həm kubokda, həm də çempionatdakı oyunların hamısı həlledici olacaq. Bu mövsüm hələ çox şey baş verəcək. Vəziyyət elədi ki, bütün oyunları uduza da bilərsən, uda da..
- Ağdamlılarla qarşılaşmada sizi ikinci hissədə meydana buraxdıla. Halbuki, belə şey olmamışdı...
- “Xəzər Lənkəran”la oyunda Krastovçev qol vurmuşdu. Buna görə də aydın məsələ idi ki, növbəti görüşdə o, əsas heyətdə görünməliydi. Kim vurursa, o da oynayır. Mən görürəm ki, azərbaycanlılar ehtiyatda qalanda çox narazı olurlar. Ancaq mən elə deyiləm. Kim daha yaxşı formadadısa, o da oynamalıdı.
- Bəs sizcə, niyə yerli futbolçular ehtiyatda qalmağı sevmirlər?
- Bilmirəm. Yəqin ki, mən də Litva çempionatında ehtiyatda qalsaydım, narazı qalardım. Ancaq yerli futbolçular da başa düşməlidilər ki, legionerlər bura ehtiyatda qalmaq üçün gəlməyiblər.
- Bombardirlər cədvəlinə diqqət yetirirsiz?
- Bəli. Məni “Qarabağ”ın iki futbolçusu – Rauf Əliyevlə Georgi Adamiya qabaqladı. Bahodir Nasimov isə birincidi. O da mənim kimi ötən mövsüm çox qol vururdu. Bu il isə bizdə bir növ eniş hiss olunur.
