24 mart 2011 19:15
“Onlardan çox şey öyrənə bilərik”
Azərbaycan Premyer Liqasında "Qarabağ"la keçiriləcək 25-ci turun oyununa hazırlaşan “Neftçi” heyətdə bir çox gənc futbolçuya yer verib. Azerisport.az xəbər verir ki, komandanın əvəzedici heyətindən Elton Yaqublu, Malik Babayev, Kərim Diniyev ilə yanaşı Ağabala Ramazanov, Nicat Qurbanov və İlham Allahverdiyev, Elşən Abdullayevdə əsas komandanın məşqlərində iştirak edir.
Onlar əsas komandayla məşq etməklə yanaşı, bu barədə təəssüratlarını da dilə gətiriblər. Öz oyunu ilə məşqçilərin diqqətini cəlb edən Nicat Qurbanov bunun onların xeyrinə olacağını bildirir: "Əlbəttə, əsas komandanın heyətində məşqə çıxmaq hər bir gənc futbolçunun arzusudu. Sağ olsun klub rəhbərliyi, məşqçilər korpusu bizi daim diqqətdə saxlayır. Bu bizim məsuliyyətimizi daha da artırır".
Əvəzedici heyətin hücumçusu İlham Allahverdiyev də məşqlərdə özlərini ən yaxşı tərəfdən göstərməyə çalışacaqlarını deyir: "Əsas komandanın məşqlərinə cəlb edilməyimiz, bizə göstərilən diqqət və qayğının nəticəsidi. Bu məşqlərdə özümüzü ən yaxşı tərəfdən göstərməyə çalışacağıq. Bizim kimi gənclərə, böyük təcrübəyə malik futbolçularla birlikdə məşq etmək, böyük xeyir verəcək".
Ağabala Ramazanov isə bunları bildirib: "Flaqmanın heyətində bir çox səviyyəli yerli və legioner futbolçu yer alır. Biz belə məşqlər zamanı onlardan çox şey öyrənə bilərik. Məhz əsas komandanın heyətində keçirdiyimiz məqşlərdə nəyə qadir olduğumuz üzə çıxır".
17 yaşlılardan ibarət yığmamızın üzvü Elşən Abdullayev əsas komandanın məşqlərində özünü göstərməyin vacib olduğunu düşünür: "Bizə etimad göstərib əsas komandanın məşqlərinə cəlb ediblər. Artıq burada özünü yaxşı tərəfdən göstərmək vacibdi. Çünki bizim əsas istəyimiz gələcəkdə "Neftçi"nin əsas komandasının şərəfini qorumaqdı. Bunun üçün isə bizim üçün lazımi şərait yaradılıb".
