24 mart 2011 22:54
Millimiz Qvineya ilə oyunda qələbə qazandı (YENİLƏNİB)
Bu gün gənclərdən ibarət Azərbaycan yığması (U-21) İspaniyada həyata keçirdiyi toplanış çərçivəsində ilk sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, Bernard Lippertin komandası Qvineya futbolçularını sınağa çəkib.
Marbelya İdman Mərkəzində keçirilən qarşılaşma 1:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. 62-ci dəqiqədə Tural İsgəndərov penalti zərbəsini dəqiq yerinə yetirib. Yığmamız hesabda önə keçdikdən təxminən 10 dəqiqə sonra qvineyalı futbolçular 11 metrlik cərimə zərbəsi vurmaq hüququ qazanıb. Yığmamızın qapıçısı Osman Umarov penalti zərbəsini dəf edərək hesabın dəyişməsinə imkan verməyib.
Maraq üçün qeyd edək ki, Azərbaycan U-21 – Qvineya U-21 oyunu AFFA TV tərəfindən test olaraq canlı yayımlanıb.
Yığmamızın martın 26-da, Bakı vaxtı ilə saat 17:30-da, Marbelya İdman Mərkəzində UD Marbelya komandası ilə keçirəcəyi yoldaşlıq oyunu eyni qaydada canlı yayımlanacaq.
