25 mart 2011 01:06
Arif Əsədov: İndidən bu haqda danışmaq hələ tezdi
“Neftçi”nin baş məşqçisi Arif Əsədov azerisport.az saytına müsahibəsində yığma komandamızdan, Belçika millisindən, onlarla oyundakı şanslarımızdan və öz komandasından danışıb.
- Yığma komandamızın baş məşqçisi Berti Foqtsun Belçika ilə oyun üçün açıqladığı heyəti necə dəyərləndirərdiz?
- Bu barədə heç nə deyə bilmərəm. Baş məşqçi Berti Foqtsdu. Kimi çağırmaq, onlardan necə yararlanmaq da baş məşqçinin işidi. Ona görə də bu haqda mən nəsə deyə bilmərəm.
- Sizin yaxınlarda Foqtsla görüşünüz olmuşdu. Sizcə, yığmaya layiq başqa futbolçularınız varmı?
- Biz bu haqda Foqtsla söhbət etdik. Məsələn, Rəşad Abdullayev bu mövsüm əla oyun sərgiləyir, komandaya çox kömək edir. Ancaq mən demədim ki, onu mütləq yığmaya çağırmaq lazımdı. Yığmaya hansı futbolçuların çağırılması baş məşqçinin qərarıdı, mənim yox.
- Yığmamızın Belçika ilə oyunda nəsə etməyə şansı varmı?
- Bilirsiz, şans həmişə var. Axı bu, futboldu. Burda qarşısıalınmaz komanda yoxdu. Buna görə də digər komandalar kimi, bizim yığmamızın da hər oyunda şansı var. Hesab edirəm ki, Azərbaycanın Brüsseldən ən azı bir xalla ayrılmaq şansı var.
- Yığmamızla oyun ərəfəsində komandamızın rəqibi 9 futbolçusunun yoxluğuna üzülür. Sizcə bu, millimizə kömək edə bilər?
- Buna çox diqqət yetirməməliyik. Bu, istənilən halda Belçikadı. Hətta onların 9 futbolçusunun yoxluğu da heç nəyi dəyişmir. Onların əvəzinə çağırılası kifayət qədər materialları var.
- “Neftçi”dən danışaq. Son oyunlarda komanda daha çox müdafiədən oynayır. Bu, nə ilə bağlıdı?
- Mən deməzdim ki, müdafiədən oynayırıq. Bizim öz planlarımız, strategiyamız var. “Altılıq”da bizim üçün ən əsası nəticəyə oynamaqdı. Nəticə qazanmaq üçün də bizə hazırkı taktikamız uyğun gəlir. Hücuma və ya müdafiəyə meylli oyun hamısı taktiki sxemlərdi. Hər bir komandaya qarşı müəyyən taktika ilə oynamalı olursan. “Neftçi” heç vaxt müdafiə futbolu oynamayıb. Məsələn, “Xəzər Lənkəran”la son oyunda 23 dəqiqə hücum etdik və qol vurduq. Qalan dəqiqələrdə isə artıq nəticəni qorumağa çalışdıq.
- Son vaxtlar azarkeşlər komandanın sadəcə 1 hücumçunun – Bahodir Nasimovun ümidinə qalmasından narazıdı. Emil Mpenza da zədəlidi...
- Xoşbəxtlikdən, Mpenza artıq zədəsini sağaldıb və sıraya dönüb. Amma bizim başqa hücumçularımız da var. Məsələn, Ruslan Qurbanov. Üstəlik, Cavid İmamverdiyev, Cavid Hüseynov da var. Amma onların hamısını eyni vaxda meydana buraxmağımız da mümkünsüzdü. Bu gün biri oynayır, sabah digəri.
- Bəs yayda hücum xəttini gücləndirmək haqda düşünürsüzmü?
- Fikrimcə, hələ indidən bu haqda danışmaq tezdi. Bizim üç hücumçumuzla yanaşı üstəlik Cavid Hüseynov da var. Hansı ki, onun da hücumçu keyfiyyətlərindən yararlana bilərik. Flavinyo da hücumda oynamaq iqtidarındadı. Bu baxımdan bizdə problem olduğunu düşünmürəm.
- Transferləriniz ümidlərinizi doğruldur?
- Əlbəttə. Məsələn, Rodriqinyo bizim işimizə çox yaradı. Son oyun da göstərdi ki, komandamıza lazımlı futbolçudu. Amma Yasin Hima Mpenza kimi zədə problemi ilə üzləşmişdi və artıq sağalıb. Martın 29-da bizi “Simurq”la oyun gözləyir. Əsas komandada oynamaq şansı qazanmayan futbolçulara həmin görüşdə şans verməyi planlaşdırırıq.
