26 mart 2011 12:34
Xəzər Lənkəran transferə çıxardığı oyunçunu geri qaytardı
Premyer Liqanın növbəti turunun oyununa hazırlıqlarını davam etdirən “Xəzər Lənkəran” dünən Lənkəranda növbəti məşqinə çıxıb. Azerisport.az az xəbər verir ki, artıq vətənindən ölkəmizə dönən baş məşqçi Mirça Rednik və köməkçisi Mihay Teja komandanın hazırlıqlarına qoşulub.
Ötən gün saat 17.00-da başlayan məşqə millimizin düşərgəsində olan Kamran Ağayev, Rahid Əmirquliyev və Elnur Allahverdiyev, Syerra Leone yığmasına çağırılan Julius Vobay və Albaniya millisinə dəvət alan Elvin Beqiri qatılmayıb. Rumın hücumçu Aleksandr Pitsurka da hazırlıqda iştirak etməyib.
Əvəzində qış transfer pəncərəsi açılandan sonra transferə çıxarılan, lakin hələ də özünə klub tapmayan rumın Adrian İordaşe də məşqdə iştirak edib. Səhhətində problem olduğundan bir gün əvvəlki məşqi buraxan Alim Qurbanov artıq sağalıb və hazırlıqlara qoşulub.
