28 mart 2011 16:32
Millimizin üzvləri: Belçikaya müsbət nəticə üçün gəlmişik
Bu gün Brüssel şəhərində Azərbaycan milli komandasının futbolçularının mətbuat konfransı keçirilib. Azerisport.az xəbər verir ki, kapitan Rəşad Sadıqov, qapıçı Kamran Ağayev və yarımmüdafiəçi Elvin Məmmədov Belçika ilə oyun barədə fikirlərini bildiriblər.
Rəşad Sadıqov: “Türkiyə yığmasını məğlub etdikdən sonra komandamıza inam var. Səbirsizliklə Belçika ilə oyunu gözləyirik. Səfərdə fərqli yığma görəcəksiniz. Türkiyəni udmuşuq, artıq səfərdə uğur qazanmaq vaxtıdı. Ən azı 1 xal qazanmalıyıq. Bizim üçün artıq oyun deyil, nəticə vacibdir”.
Kamran Ağayev: “Biz bura nəticə, konkret qələbə dalınca gəlmişik. İnşallah, Belçika ilə oyunda 3 xalı da bizim komanda qazanacaq. Mən qələbəyə inanıram. İnanmasaydım, heç bura gəlməzdim. Yığmada təsadüfi futbolçular yoxdu, hamısı güclü oyunçulardı”.
Elvin Məmmədov: “Belçika ilə qarşılaşmada oynayıb-oynamayacağımı bilmirəm.
Mənə ilk dəqiqələrdən şans verib-verməmək baş məşqçinin işidi. Baş məşqçi mənə etimad göstərərsə, meydana çıxıb əlimdən gələni etməyə hazıram. Bu görüş öncəsi yüksək səviyyədə hazırlıq keçmişik. İndi bunu oyunda göstərmək istəyirik. Komanda oyunu göstərib, nəticə qazanmaq niyyətindəyik”.
