28 mart 2011 17:28
Rəşad Sadıqov: Bu seçmə tsikl əvvəlkindən yaxşı olacaq
Yığmamızın kapitanı Rəşad Sadıqov Belçika yığması ilə AÇ-2012-nin seçmə mərhələsinin sabahkı oyunu ərəfəsindəki müsahibədə komandamızın şanslarını dəyərləndirib. Azerisport.az xəbər verir ki, “Qarabağ”ın təcrübəli müdafiəçisi çıxışına bu sözlərlə başlayıb.
- Belçika ilə oyuna yaxşı əhval-ruhiyyədə hazırlaşırıq. Türkiyə yığmasını məğlub etdikdən sonra komandamıza inam var. Səbirsizliklə Belçika ilə oyunu gözləyirik. Əminəm ki, səfərdə fərqli Azərbaycan yığması görəcəksiniz. Türkiyəni udmuşuq, artıq səfərdə də uğur qazanmaq vaxtıdı. Ən azı 1 xal qazanmalıyıq. Bizim üçün artıq oyun deyil, nəticə vacibdir. Bir xal çox şeyi dəyişə bilər.
- Heç-heçəyə ümid edirsiz, yoxsa qələbəyə?
- Əsas uduzmamaqdı. Amma əgər qələbə qazansaq, bu, daha yaxşı olar. Bizi bu il 4 ev oyunu gözləyir. Fikrimcə, bu dəfəki seçmə tsikl əvvəlkindən yaxşı olacaq.
- Rəqib komandanın heyətində bir sıra tanınmış futbolçular yer alır. Onları necə dayandırmağı düşünürsüz?
- Rəqibin oyununu analiz etmişik. Son oyunda Avstriyaya qarşı çox əla futbol sərgiləyiblər. Ümid edirəm ki, belçikalıların ulduz oyunçularını saxlaya və öz planlarımızı həyata keçirə biləcəyik.
- Rəqibin oyununu öyrənə bilmisiz?
- Onlar sürətli və atletik oyuna üstünlük verirlər. Belçikalıların heyətində bir neçə sürətli futbolçu da var. Heyətin əksər üzvləri Avropanın aparıcı liqalarında çıxış edir. Onlar Rusiya, Avstriya kimi rəqiblərə qalib gəliblər. Biz bir sıra komponentlərdə onlara uduzsaq da, qarşılarında zəif görünmək istəmirik.
- Komandamıza qələbə qazanmaq üçün nə lazımdı?
- Hər bir futbolçu meydanda var gücünü, maksimumu qoymalıdı. Biz rəqibə boş zonalar buraxmamalıyıq. Əgər Türkiyə ilə oyundakı kimi çalışsaq, onda hər şey yaxşı olacaq.
- Siz yığmanın kapitanısız. Futbolçularla ayrılıqda söhbətlər aparırsızmı?
- Təkcə mən yox, digər təcrübəli futbolçular da söhbətlər aparırlar. Aramızda belə söhbətlər çox olur. Görürəm ki, uşaqlar çox sakit görünürlər. Biz öz gücümüzə inansaq, hər şey yaxşı olar. Türkiyə ilə oyunda biz qələbə qazanacağımıza inanırdıq və buna nail olduq. Belçikada da yaxşı oyun sərgiləmək istəyrik.
- Sözlərinizdən belə nəticə çıxarmaq olar ki, müdafiədən oynamayacaqsız?
- Düşünmürəm ki, açıq futbol oynayacağıq. Təbii ki, müəyyən taktikamız olacaq. Biz hələ o səviyyədə deyilik ki, səfərdə Belçikaya öz oyunumuzu diqtə etdirək.
- Belçika ilə oyunda da ənənəvi künc zərbəsini və ya hansısa başqa hansısa sürprizi həyata keçirməyə hazırlaşırsız?
- Belçika ilə oyunda da həmin künc zərbəsindən yararlanmağımız heç də pis olmazdı.
