28 mart 2011 18:21
Hiddink: Bakıdakı məğlubiyyətə görə məndən çox üzülən olmadı
Sabah yığmamız AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Belçikanın qonağı olacaqsa, digər rəqiblərimizdən də Türkiyə Avstriyanı qəbul edəcək. Azerisport.az xəbər verir ki, bu ərəfədə Qus Hiddink də verdiyi açıqlamalarda, müsahibələrdə tez-tez yığmamıza məğlubiyyəti yada salır.
Hiddink bu dəfəki açıqlamasında Bakıdakı yenilginin daha çox ona pis təsir etdiyini gizlətməyib: “Qələbə qazanmaq üçün sadəcə meydanda savaşan bir komandanın olması yetərli deyil. Eyni zamanda ağıllı müdafiə və yaxşı hücum etmək lazımdı. Uğurlu nəticə üçün bütün bunlar vacib şərtdi. Azərbaycana məğlubiyyətə görə məndən daha çox kimsə üzülə bilməz. Amma həmin yenilgidən daha çox mücadilə etmədiyimiz üçün üzülmüşdüm”.
Hollandiyalı mütəxəssis o vaxt Bakıda meydana buraxdığı heyətə görə peşmanlıq duyduğunu da gizlətməyib: “İndi olsa, bəlkə bəzi dəyişikliklər edərdim. Amma Almaniya və Azərbaycanla oyunlarda bəzi təcrübəli oyunçuların xidmətindən faydalanmaq istədim. İndi isə tam fərqli düşüncədəyəm”.
