29 mart 2011 16:36
“Oyunumuza nə qədər çox azarkeş gəlsə, bir o qədər yaxşı oynayacağıq”
Bazar günü Premyer Liqada ilk iki pillənin sahibi olmaqla yanaşı Azərbaycan futbolunun ən köklü 2 klubu qarşılaşacaq. Azerisport.az xəbər verir ki, son zamanlar əla sürət yığan “Qarabağ” “Neftçi”nin qonağı olacaq.
Bu arada Ağdam klubunun aparıcı oyunçularından biri Əfran İsmayılov paytaxt klubu ilə duel öncəsi fikirlərini açıqlayıb: “Neftçi”ylə oyuna digər komandalara qarşı olduğu kimi yanaşırıq. Düzdü, tam heyətlə məşq edə bilmirik. Amma demək olar ki, belə duruma alışmışıq. “Neftçi” cari mövsüm olduqca uğurlu çıxış edir. Çətin oyun olacaq”.
Əfran cari birinciliyin ilk oyununda “Neftçi”ylə oyunda zədələnərək sıradan çıxmışdı: “Artıq bu hadisəni unutmuşam. Zədə futbolun ayrılmaz hissəsidi. Belə baxanda zədələndiyim epizodda “Neftçi”nin oyunçusunun günahı yox idi. Artıq bazar günü baş tutacaq qarşılaşmanı fikirləşirəm”.
Əfran “Qarabağ”ın 9 oyunluq qələbə seriyası haqqında da danışıb: “Artıq təsnifat mərhələsini unutmuşuq. Final mərhələsinin ilk 2 turunda qələbə qazanmağımızı daha çox qiymətləndirirəm. Bu bir psixoloji üstünlükdü. “Neftçi”nin də oyuna qələbə üçün çıxacağını fikirləşirəm. Amma bizim daha istəkli olduğumuzu düşünürəm. Çünki, biz çempionluğu daha çox istəyirik. Hər halda mən öz komandamızın yanğısını bilirəm. Amma “Neftçi”ylə oyun heç də həlledici deyil. Qələbə qazanmasaq dünyanın sonu olmayacaq”.
Premyer Liqada cari mövsüm 1 dəfə fərqlənən Əfran bakılılarla oyunda qol vurmaq barəsində də fikirləşir: “Təbii ki, qol vurmaq istərdim. Amma komandamın qələbəsinə üstünlük verirəm. Kimin qol vurmasından asılı olmayaraq qələbə mənim qol vurmağımdan daha vacibdi. “Neftçi” ilə oyun elə olacaq ki, bir qol həlledici ola bilər. “Neftçi” lider olaraq hücuma üstünlük verəcək, qələbə qazanmağa çalışacaq. Ona görə yüksək zövqlü oyun olacaq”.
Əfran prinsipial oyun öncəsi azarkeşlərə də səslənib: “Azarkeşlərimiz hər yerdə bizə dəstək verir. Amma istəyirəm ki, stadiona da gəlib bizi dəstəkləsinlər. Oyunumuza nə qədər çox azarkeş gəlsə, bir o qədər yaxşı oynayacağıq. Ona görə də bütün “Qarabağ” azarkeşlərini bazar günü Respublika stadionuna çağırıram”.
