29 mart 2011 00:12
Berti Foqts üçün tarixi, Belçika ilə 3-cü duel
Bu gün Azərbaycan yığması AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində növbəti sınaq matçına çıxacaq. Azerisport.az xəbər verir ki, Berti Foqtsun yetirmələri bu seçmə tsikldəki 4-cü matçını səfərdə Belçikaya qarşı keçirəcək.
Bəribaşdan qeyd edək ki, millimiz ilk 3 matçından da ikisini səfərdə keçirib. Seçmə mərhələyə Almaniya ilə oyunla start verən komandamız həmin qarşılaşmada 1:6 hesbalı ağır yenilgiylə üzləşdiyi kimi, Avstriya ilə səfər matçında da darmadağından qaça bilmədi – 0:3. Əvəzində Türkiyə ilə ev oyununda futbolçularımız əzmkar futbol sərgiləməklə sensasion qələbəyə imza atdılar. İndi komandamız nəhayət, səfər oyununda da sürprizə imza atmağı hədəfləyir.
Lakin Belçika yığması hazırda kifayət qədər güclü təsir bağışlayır və komandamızın bu rəqibi ilə dueldə sensasiyaya imza atmaq şansları az qiymətləndirilir. Elə ən azı Jorj Leekensin yetirmələrinin dogma meydanda 4:4 hesablı heç-heçə etdikləri və qrup ikinciliyi uğrunda mübarizə aparan Avstriya üzərində qazandığı 2:0 hesablı qələbə hər şeyi deyir. Hazırda özləri də final mərhələsinə yollanmaq imkanına malik olan belçikalılarda qələbə əzmi daha da yüksəlib və yəqin ki, onlar autsayderlərdən olan millimizi məğlub yola salmağa çalışacaq.
Berti Foqtsun komandası isə məhz rəqibin meydana xal itirmək qorxusu ilə meydana çıxmasına ümid bəsləyə bilər. Rəqib güman ki, qələbə üçün ilk dəqiqələrdən hücuma atılacaq ki, belədə boş zonalar buraxaqacaqlar. Brüsseldə hücum futbolu sərgiləməsini heç kim gösləməsə də, komandamız ən azı bundan yararlanıb sürətli əks-hücumlar sayəsində rəqibi cəzalandıra bilər. Üstəlik, nəzərə almaq lazımdı ki, rəqibimizin heyətində müxtəlif səbəblərdən 15-ə yaxın itkilər var və onlardan bəziləri komandanın aparıcı futbolçulardı. Baxmayaraq ki, onları əvəzləyənlər də Avropanın aparıcı çempionatlarında top qovan oyunçulardı və buna ümid bəsləməyimiz düz olmazdı.
Millimizin də düşərgəsində belə itki üzüntüsü var. Düzdü, Samir Abasov hələ komanda Almaniyaya hazırlığa yollanmamış düşərgədən ayrılmaq məcburiyyətində qalmışdı. Dünən Brüsseldəki açıq məşq isə daha bir üzüntülü xəbərin meydana gəlməsiylə yaddaqalan oldu. Məlum oldu ki, “Xəzər Lənkəran”ın müdafiəçisi Elnur Allahverdiyev də zədə səbəbindən Belçika ilə görüşdə forma geyə bilməyəcək.
Məhz bu üzdən komandamızın start heyətində bəzi yerdəyişmələr qaçılmazdı. “Çərçivə” həmişəki kimi Kamran Ağayevə həvalə olunacaq ki, burda da təəccüblü nəsə yoxdu. Müdafiənin cinahlarında isə Rail Məlikovla Saşa Yunisoğlu çıxış edəcək. Çünki Foqts Elnur Allahverdiyevə əvəzləyici kimi məhz sonuncunun çıxışına bel bağlayacaq. Rəşad Sadıqovla Vladimir Levin isə mərkəzdə rəqibin hücumlarının qarşısını almalıdı. Halbuki, Allahverdiyev zədələnməsəydi, Levinin mövqeyində Saşa Yunisoğlunun çıxış etməsi də mümkün idi. Ruslan Abışovla Rahid Əmirquliyev dayaq yarımmüdafiəçisi funksiyasını yerinə yetirmək tapşırığı alacaq. Artıq zədəsini sağaldan Mahir Şükürov yarımmüdafiənin sağ cinahındakı doğma yerində olacaq. Soldan rəqibin müdafiəsini yarmaq vəzifəsi Vaqif Cavadovun üzərinə düşəcəksə, yeganə hücumçumuz olacaq Rauf Əliyevin arxasında pleymeykerlik funksiyasını Elvin Məmmədov yerinə yetirəcək.
Belədə, 19 nəfərlik heyətdən ehtiyat oyunçu qismində çıxış etmək şansı qazananları da müəyyənləşdirmək çətin deyil. Güman ki, üç qapıçıdan biri olan “Qarabağ”ın qolkiperi Fərhad Vəliyev birinci divizion təmsilçisi “Abşeron”da ehtiyatda qalan Andrey Popoviçi bu görüşdə də kənarda qoyacaq. Digər ehtiyat oyunçular isə Vurğun Hüseynov, Cəmşid Məhərrəmov, Aleksandr Çertoqanov, Cavid Hüseynov, Araz Abdullayev və Vüqar Nadirov olacaq ki, Belçika ilə görüşdə onlardan da ən azı üçü meydana çıxmaq şansı qazanacaq.
Maraq üçün Belçikanın millimiz üçün tanış rəqib olduğunu da vurğulayaq. Belə ki, AÇ-2008-in seçmə mərhələsi çərçivəsində üz-üzə gələn tərəflərin ilk dueli Brüsseldə baş tutmuş və meydan sahibləri 3:0 hesablı qələbəyə sevinmişdilər. Bakıdakı cavab görüşündə isə komandamız minimal hesablı yenilgiyə üzülmüşdü. Halbuki, heç bir önəm kəsb etməyən və tsiklin son matçı olan həmin qarşılaşmada komandamızı müvəqqəti çalışdıran Qyoko Haciyevskinin rəhbərlik etdiyi kollektiv ən azı bir xala layiq idi.
Bu gün komandamız 19 illik tarixi ərzində 173-cü rəsmi matçına çıxacaq. Qeyd edək ki, indiyəqədərki 172 oyunda cəmi 30 qələbə qazanan millimiz 43 dəfə heç-heçə etdiyi halda 99 məğlubiyyətə üzülüb. Topların fərqi də komandamız üçün ürəkaçan deyil: 115-304.
Bu günkü oyun baş məşqçi Berti Foqts üçün əlamətdar olacaq. Çünki almaniyalı mütəxəssis karyerası ərzində 34-cü dəfə komandamızı meydana çıxarmış olacaq. 2008-ci ilin aprelindən bu postda çalışan Foqts Belçika ilə oyunla adını yığmamızın, futbolumuzun tarixinə yazdıracaq. Məsələ burasındadı ki, indiyədək millimizi ən çox oyuna çıxaran Vaqif Sadıqovla eyni göstəriciyə (33 oyun) malik olan Foqts bu görüşdə onu qabaqlamaqla, yeni rekorda imza atacaq. Onun geridə qalan 33 görüşdə 7 qələbə qazanıb, 9 heç-heçə edib, 17 dəfə məğlubiyyətə üzüldüyünü də vurğulayaq. Topların fərqi isə belədi: 23-50.
AÇ-2012-nin seçmə oyunu
A qrupu
29 mart
23:45. Belçika – Azərbaycan
Hakimlər: Daniel Stalhammer, Peter Martinsson, Yoakim Flink, Martin Hansson (hamısı İsveç).
