30 mart 2011 02:41
Berti Foqts: İstefam tələb olunursa, problem yoxdu, gedərəm
Millimizin baş məşqçisi Berti Foqts AÇ-2012-nin seçmə mərhələsinin Belçika ilə səfər oyunundakı 1:4 hesablı məğlubiyyətdən sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az xəbər verir ki, o, son oyunla bağlı aşağıdakı fikirləri dilə gətirib:
“Belçikalıları təbrik edirəm. Rəqibimiz daha sürətli oyun sərgilədi. Aşkar görünürdü ki, Avstriya üzərindəki qələbə onları daha da ürəkləndirmişdi. Mən əminliklə deyərdim ki, Belçika qrupumuzda Almaniyadan sonra ən güclü komandadı”.
Foqtsun sözlərinə görə, komandamız buraxılan erkən qola rəğmən, öz oyununu itirməyib: “Biz hətta hesabı bərabərləşdirməyə də imkan tapdıq. Oyuna da nəzarət edirdik. Sadəcə lazımsız penalti oyunun gedişini dəyişdi. İkinci hissədə kombinasiyalı oyuna çalışsaq da, sonuncu ötürmələrdə problemlərlə üzləşdik”.
“Biz ona görə uduzduq ki, hesab 1:2 olarkən qabağa getmədik. Daha bir vacib məqam isə şübhəsiz ki, rəqibin yaxşı futbol sərgiləməsi oldu. Belə səhvləri Azərbaycan çempionatında buraxmılar. Ona görə ki, Premyer Liqadakı sürət tam fərqlidi” – deyə Foqts bildirib.
Almaniyalı mütəxəssis heyət seçimi baxımından hansısa səhvə yol verməsini qəbul etmir: “Düşünmürəm ki, heyətlə bağlı ciddi səhvim vardı. Meydana ən güclülər çıxmışdı. Başqa güclü varsa, göstərin mənə. Cavadov mərkəzdə oynayırdı? O, Türkiyə ilə oyunda da belə oynamışdı və biz qələbə qazanmışdıq”.
Sonda Foqts istefaya getməsi barədə tələblərə də münasibətini açıqlayıb: “Əgər istefam tələb olunursa, problem yoxdu, gedərəm. İstənilən halda qərarı AFFA verəcək, hər şeyə hazıram”.
